4 ayaqlı cücə:Görənlər heyrət edir 

Türkiyənin Adıyaman bölgəsinin İlıcak kəndində təsərrüfat sahibi olan Mustafa Bayır bu günlərdə əhalinin “dilinə düşüb”. Səbəb Mustafanın toyuqlarından birinin dörd ayaqlı cücə çıxarmasıdır. Bu barədə “aHaber.com”da məlumat verilir. Bildirilir ki, M.Bayırın təsərrüfatında toyuqlardan biri 14 yumurta üstündə kürt düşüb. 14 yumurtadan 11 cücə çıxıb. 10 cücə hər zamankı kimi adi, biri isə qeyri-adidir – dörd ayağı var.

3 gündür yumurtadan çıxmış cücə görənləri heyrətə salır. Cücənin dörd ayaqla sərbəst yeriməsi də bir tərəfdən görənləri təəccübləndirir. Digər adi cücələr kimi rahat hərəkət edir, həyətdə dolaşır, dənlənir. Cücənin artıq ayaqları quyruq hissədədir. Buna baxmayaraq bu, onu narahat etmir. M.Bayır deyib ki, ilk dəfədir belə bir halla rastlaşır: 

“İndiyədək nə qədər heyvanımız, toyuq-cücəmiz olub, belə bir halla ilk dəfədir qarşılaşırıq. 70-80 yaşlı qocalarımızdan soruşdum, onlar da indiyədək belə cücə görmədiklərini dedilər. Amma sağlamdır, yeriyir, dənlənir”. Mütəxəssislərsə canlılarda baş verən bu cür qeyri-adilikləri yumurtalardakı dəyişikliklə izah edirlər. 

Böyük ehtimalla bir yumurtada mayalanmış iki cücə olub, biri tam inkişaf etməyib, inkişaf etmiş orqan – ayaqlarsa digər mayalanmış cücəyə bitişik inkişaf edib. Dünyada baş verənlərə baxılarsa, bu cür qəribəliklər hələ çox baş verəcək.