Ehtiyatda olan hərbçi:"Biz ordu mənsubları Vətən müharibəsi vaxtı gücümüzü xalqımızdan alırdıq"

 Silahlı Qüvvələr Günü münasibətilə paytaxtda təşkil olunan yürüş bizdə böyük ruh yüksəkliyi oyatdı

Silahlı Qüvvələr Günü münasibətilə paytaxtımızda təşkil olunan hərbi orkestrlərin nümunəvi çıxışları və hərbçilərin yürüşləri bizdə böyük ruh yüksəkliyi oyatdı. Eyni zamanda xalqımızda və hərbçilərdə fərəh hissi doğurdu. Çünki biz ordu mənsubları Vətən müharibəsi vaxtı gücümüzü xalqımızdan alırdıq.

Bunu müsahibəsində Silahlı Qüvvələr Günü münasibətilə paytaxtda keçirilmiş yürüşü izləyən Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan hərbçi Orxan Təhməzov AZƏRTAC-a müsahibəsində bildirib.

Orxan Təhməzov deyib ki, Vətən müharibəsi zamanı qəhrəmanlarımız doğma torpaqlarımızın azadlığı üçün şəhid və ya qazi oldular. O zaman bizim şüarımız hər şey Vətən üçün, hər şey cəbhə üçün idi. Bu məsələdə hər kəs Prezident, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və dövlətimizin ətrafında birləşmişdi. Bu gün biz sevincliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olunub.

Ehtiyatda olan hərbçi İkinci Qarabağ müharibəsində Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində döyüşlərdə iştirak etdiyini və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunduğunu da əlavə edib.

Xatırladaq ki, bu gün Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin, hərbçilərin yürüşləri və nümunəvi çıxışları olub.