Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda! - Masada nələr var? 

İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı İranın Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehran səfərini “Sherg.az”a şərh edən millət vəkili Razi Nurullayev bildirib ki, İranla Azərbaycan arasında bu cür yüksək səviyyəli görüşlərin keçirilməsi iki tərəfli münasibətlərin daha da yaxşılaşmasına xidmət edir:

“İranın və Azərbaycanın Baş prokurorları arasında baş tutan görüş cinayətkarlıqla birgə mübarizəyə həsr oluna bilər. Bu barədə yəqin ki, Prokurorluq ətraflı məlumat verəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi heç vaxt rəsmi Tehranın maraqlarına zidd addımlar atmır. Lakin qarşı tərəfdən daim müəyyən addımlar atılır, müxtəlif fikirlər səsləndirilir. Bu baxımdan qarşılıqlı olaraq bu kimi məsələlərin müzakirəsi aparıla bilər. Həmçinin İranla sərhəddən keçərək Azərbaycan ərazisində təxribat törətmək istəyən şəxslər olur. Qanunsuz narkotiklərin dövriyyəsi problemi də mövcuddur. Cinayətkarların İran ərazisində gizlənməsi və ya gizlədilməsi kimi faktlar da var. Təbii ki, bu cür məsələlər də müzakirə  predmeti ola bilər. İstənilən halda belə görüşlərin baş tutması Azərbaycan-İran münasibətlərinə töhfə verməklə yanaşı, əlaqələrin normallaşmasına xidmət edir”.