Torpaq haqqı…!- Kəndli əkin sahəsini suvara bilmir


Kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə elmi yanaşma olmadığından fermerlər itkiylə üzləşir

  “Çalışmaq lazımdır ki, elektron sistemlər üzərindən vasitəçilər torpaqları götürüb kəndliyə verməsinlər, kəndli torpaqları birbaşa götürsün. Kəndlinin elektron informasiya sistemindən çox başı çıxa bilmir”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Müşfiq Cəfərov bildirib. Müşfiq Cəfərov deyib ki, belə halların olmaması üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri effektiv sistem qurmalıdırlar: 

“Onların elektron bazalarında fermerlər barədə kifayət qədər məlumatlar var”. 
Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.  Dəyişikliklər qəbul ediləcəyi təqdirdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə  verilməsinin xüsusiyyətləri dəyişəcək. Layihəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana  informasiya sistemi vasitəsilə elektron ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilməlidir. 

Layihə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasını nəzərdə tutur.  

Layihə icarəçinin vəzifələrini də artırır. İcarəçinin vəzifələri sırasına icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək də əlavə edilir.

  Qanuna təklif edilən dəyişiklik qəbul olunarsa, bundan kəndli, fermer necə faydalanacaq? İqtisadçı  Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirdi ki, elektron informasiya sistemi torpaqların vasitəçilər üzərindən kəndliyə verilməsində bəlkə də ən son səbəbdir: 

- Hazırkı dönəmdə kiminsə elektron sistemə daxil ola bilməməsinin, elektron ərizə üsulundan istifadə edə bilməməsinin böyük problem kimi təqdim olunması yanlışdır. Razıyam, tutalım, kəndli bilmir, bacarmır bu sistemlə işləməyi. Övladı ki bacarır. İndiki gənclər, maşallah, günün 24 saatını internetdə, sosial şəbəkələrdə, müxtəlif platformalarda videoları, paylaşımları izləməklə məşğuldurlar.

 Məncə, ailəsi, valideynləri aqrar sahədə çalışan, gəlirləri bu sahədən asılı olanlar üçün Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar İnkişaf Mərkəzinin elektron saytına daxil olub, lazımlı məlumatları əldə etmək çətin olmamalıdır. Onlar bunda maraqlı olmalıdırlar. Digər tərəfdən nazirlik özü də bu sahədə maarifləndirmə işlərinin aparılmasında maraqlı olmalıdır.  

Elektron müraciətin sadə forması kəndliyə həmin elektron sistemdə addım-addım, mərhələ-mərhələ izah edilməlidir. Bu işlərin görülməsinə ehtiyac var. Yoxsa ki, kəndli elektron sistemə daxil ola bilmir deyə, onun əvəzinə başqası vasitəçilik edir, torpağı icarəyə götürüb fermerə “satır”, kimi səbəblər göstərmək, qeyri-ciddi səslənir. 

  Ə.Həsənov qeyd etdi ki, kəndliyə ilk növbədə icarəyə götürdüyü torpaq sahəsini əkib-becərmək, məhsul əldə etmək və ondan qazanc əldə etmək üçün şərait yaradılmalıdır: 

- Kəndli əkin sahəsini heç suvara bilmir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə elmi yanaşma olmadığından, planlama düzgün aparılmadığından fermerlər itkiylə üzləşir. Normal şəkildə fermerə dəstək proqramları icra olunmalıdır. Fermer bilməldiir, əmin olmalıdır ki, zərərə düşərsə, bu zərər dövlət tərəfindən qarşılanacaq. Fermerin nə əkəcəyi, hansı mövsümdə hansı məhsulun əkilməsinə üstünlük verməli olduğu elmi proqram əsasında tərtib edilməlidir. Bunun suvarması var, zərərvericilərə qarşı dərmanları, texnikası var. Fermerlər bu xərcləri qarşılaya bilmir. Fermer yetişdirdiyi məhsulu bazara çıxarıb sata blimir, biz elektron sistemdən danışırıq. 

 Kənd təsərrüfatında, ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında hələ də idxaldan böyük ölçüdə asılılığının davam etməsinin əsas səbəbi məmurların fermərlərə kömək etməkdə maraqlı olmamasıdır. Vəziyyət bilirsiz necədi? İmkanlı birisi gəlir böyük ölçüdə torpaqları icarəyə götürür, məmura da təklif edir ki, başqa birisinə torpaq sahəsi verməyə ehtiyac yoxdur, gəl, ikimizin arasında bölüşək: mən torpağı əkdirib becərdəcəm, sənin də payın olacaq. Başqasına su verməyə də ehtyac yoxdur. Suyu mənim əkin sahələrimə yönəldək. Bununla da iş bitir. Başqa fermer də qoy elektron sistemlə “əlləşsin”. Bu cür vəziyyətin yaranmasının səbəbi isə qeyri-şəffaflıqdır. 

Kənd Təsərrüfatı Nazirliyi nə vaxt hesabatla çıxış edib, nə qədər torpaq sahələrinin, hansı məqsədlərlə, kimlərə icarəyə verildiyini açıqlayıb?!