32 il kinderlərdən çıxan fiqurları topladı

Onun kolleksiyasında indi 15 min oyuncaq fiqur var

  Uşaqların təkidlə analarından “kinder sürpriz” istədiyi zamanlar artıq keçmişdə qalıb. Uşaqlar üçün kinderin özündən (şokoladdan) daha çox, içindən nə çıxacağı maraqlı idi. O zamanlar şokoladlı yumurtadan çıxan kiçicik oyuncaqları, fiqurları toplayanlar da az deyildi.  Serbiyalı Radivoj Dado Juhik isə kinderlərdən çıxan fiqurları tam 32 il ərzində toplayıb və hazırda onun kolleksiyasında 15 min oyuncaq fiqur var. 

Kolleksiyada ən müasir film və cizgi filmləri qəhrəmanları ilə yanaşı, 1980-ci illərin populyar uşaq qəhrəmanlarının fiqurları da toplanıb.  Təkcə uşaqların deyil, böyüklərin də maarqla izlədiyi film qəhrəmanları - Donald Duck, Asteriks,  Hörümçək adam (Spiderman), “Buz dövrü” qəhrəmanları, çirkin ördək balası, Maşa və Ayı seriyasından çox sayda fiqurlar var. “Şərq” “NTV,com.tr-yə istinadən bildirir ki, serb kolleksiyaçı fiqurları 1991-ci ildən toplamağa başlayıb. Onu bu işə sövq edənsə “Asteriks” filminin nümayişi olub. 

Filmdəki xarakterləri çox bəyənən Juhik “Asteriks” seriyasından fiqurlar toplayıb. Sürpriz yumurtaların içindən çıxan başqa fiqurları da toplayıb və nəticədə böyük bir kolleksiya əmələ gəlib. Əvvəlcə fiqurları servantda görünən yerdə saxlayan serb, fiqurlar çoxaldıqca onlara daha geniş vitrin düzəldib. Kolleksiyaçı deyib ki, bütün fiqurlar vitrinə də sığmır, qutularda qalanlar da var. Juhik Yaponiya, Çin, Meksika və Avropa ölkələrində istehsal edilmiş oyuncaqlara sahibdir.