Ölümə tərk edilmiş körpə

Bəlkə də uşaqların qadından alınıb dövlət himayəsinə verilməsi daha düzgün olar

Amma ilk növbədə psixoloji analiz aparılmalı, qadının ruh halının necəliyi müəyyənləşməlidir

  Körpəni küçəyə atanın kimliyi müəyyən edilib və barəsində cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd edilir ki, yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb. Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova (ad və soyad şərtidir) məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyad şərtidir) olması müəyyən edilib. Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Xatırladaq ki, körpənin meyiti Abşeron rayonunun Masazır qəsəbəsində alfaltın üzərində aşkarlanmışdı. Goranboy rayonunda da bir neçə gün əvvəl eyni hadisə baş verib. Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında yeni doğulmuş qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi istintaq zamanı müəyyənləşəcək. Bu faktla bağlı da hazırda araşdırma aparılır.
  Baş vermiş bu qandonduran hadisələrlə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edərək bunları yazıb: “18 yanvar tarixində doğulmuş bir uşaq vardı. Masazırda asfalta tullamışdılar, ölmüşdü uşaq. Anasını polis tapıb. 1999-cu il təvəllüddür. Həbs olunacaq? Məhkəmə hökm oxuyacaq? Ona Allahdan vicdan arzulayıram ki, gecə-gündüz əzab çəksin!!! Onu hamilə edənə də həmçinin. O uşağın həsrətində olan neçə-neçə ailə var. Təəssüf!..” 
  Körpəsini küçəyə atan qadına qəzəblənən sosial şəbəkə istifadəçilərindən bəziləri bu cür qadınların sterilizasiya edilməsini, məsuliyyətsiz kişilərinsə axtalanmasını məsləhət görürlər. Bu əsasla ki, baş vermiş hadisədə günahkar təkcə qadın deyil, həm də kişidir. Bir çox hallarda kişilər məsuliyyətdən yayınır, övlad istəmədiklərini, doğulacaq körpəyə sahib çıxmayacaqlarını bildirir, sonra da məhz bu cür davranırlar. Kişi münasibətdə olduğu qadına doğulacaq körpələrinə sahib çıxacağını, atalıq vəzifəsini yerinə yetirəcəyini bildirsə, körpənin dünyaya gəlməsinə razı olduğunu, onu sevəcəyini söyləsə, qadın körpədən imtina etməz. Bəziləri isə bu fikirdədir ki, qadında analıq hissləri ölüb, yoxdursa, o, istənilən halda körpəsinə sahib çıxmayacaq. Xanımlardan biri isə belə qeyd edib: 
- 23 yaşı var, iyirmi üç! Uşaq da deyil deyəsən anlamır. Mənim 23 yaşım olanda, doğum evində dedilər, uşaq sarılıqdır, reanimasiya şöbəsinin qarşısında səhərə qədər ağlamışdım, içəri, uşağın yanına buraxmırdılar. İnsan – ana övladını necə küçəyə ata bilir axı?! Bunun üçün görəsən, insanda hansı hüceyrələr, hansı hormonlar “stok” verməlidir? Sonra da biz təəcüblənirik ki, niyə adamlar iti, pişiyi öldürür, onlara işgəncə verir. Uşağı küçəyə atanlardan hər cür alçaqlıq, qəddarlıq gözləmək olar. 
  Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, istintaq aparılması, cinayət işinin açılması, məhkəmə, cəza, bunlar hüquqi prosedurlardır və icra edilməlidir. Amma icrası mütləq olan başqa prosedur da var: 
- Bu qadının psixoloji durumu mütləq yoxlanmalıdır.  Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, qadının 4 azyaşlı uşağı var. Bir halda ki, bu qadın yeni doğulmuş körpəsini ölümün ağuşuna atır, onun digər övladlarına qarşı da eyni hərəkəti etməyəcəyinə kim zəmanət verir? 1, ya 5. Övlad övladdır. Bir körpəsiylə amansızcasına davranan qadın digərlərinə qarşı da eyni hərəkəti edə, eyni cür davrana bilər. Bu qadının o uşaqlara normal qulluq göstərdiyi, doğru-düzgün tərbiyə verə biləcəyi də sual altındadır. Qadın insan ticarətinə də qurşana bilər. Satar övladlarını. Mənəviyyatsız bir adam övladlarını necə bir ruh halında, hansı psixoloji vəziyyətdə yetişdirir, bu, mütləq öyrənilməlidir. Belə bir qadının yetişdirdiyi uşaqlar sabah cəmiyyətə hansı xeyiri verəcək? Bunlar vacib məsələlərdir və ona görə də qadın psixo-analizdən keçirilməlidir. Həmçinin onun himayəsində olan uşaqlar da. Bəlkə də uşaqların qadından alınıb dövlət himayəsinə verilməsi daha düzgün olar. Amma ilk növbədə psixoloji analiz aparılmalı, qadının ruh halının necəliyi müəyyənləşməlidir.
  F.Mehmanqızı da ölümə tərk edilmiş körpənin bioloji atasının da cinayət məsuliyyətinə cəlb edilməli olduğunu dedi: 
- Ataya da cinayət işi açılmalıdır. Hələ biz bilmirik, küçəyə atılmış körpənin atası kimliyi müəyyənləşmiş o şəxsdirmi, yoxsa o, qadınla sadəcə münasibətdə olmuş adamdır. Onlar cinayəti əlbir olaraqmı törədiblər. Bunlar hamısı şübhəsiz ki, istintaq zamanı müəyyənləşəcək. Körpəni küçəyə atanlar, nəsə “bir səbəb” söyləməyə cəhd edəcək, min cür “bəhanə” gətirəcəklər. Lakin heç bir səbəb, heç bir bəhanə körpənin ölümə tərk edilməsinə bəraət ola bilməz. Müharibə şəraitində körpələrini itirən analar illərlə, bəlkə də ömürlərinin sonunadək onları axtarıb. Günümüzdə nə qədər faciələr, qəzalar, təbii fəlakətlər baş verir. İnsanlar zəlzələ dağıntıları altında qalan körpələri xilas etməyə can atır. Bir körpə xilas olduqda, bunu böyük bir qurtuluş kimi şükranlıqla qarşılayırlar. Kimisi isə bətnində gəzdirdiyi körpəni dünyaya gətirib, ölümün ağzına atır. İstəmirsən bu uşağı, ver dövlətə. Dövlət onun üçün əsl ana, əsl ata olardı. Hesab edirəm ki, cəmiyyətdə bu şəkildə ən alçaq davranışlar göstərən şəxslər ağır formada cəzalanmalıdırlar ki, digərlərinə də görk olsun. Bu zaman cəmiyyətdə ədalət bərqərar olar.