Özündə zorakılıq elementi daşıyan bütün hərəkətlər cinayətdir

Bəzən qız qaçırmanı ənənəyə bağlamaq istəyənlər, buna haqq qazandırmağa çalışırlar

“Adam oğurluğunda cinayət məsuliyyəti o zaman ləğv edilir ki, qaçırılan şəxs öz razılığı ilə getdiyini, qarşı tərəfdən şikayətçi olmadığını rəsmi şəkildə bildirir”

  Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb. Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib. Onun sözlərinə görə, Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub. Şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli və M.Hüseynov müəyyən edilərək saxlanılıblar. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Xatırladaq ki, əvvəlcə yayılmış məlumatda Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevanı (ad, soyadı şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə oturdaraq evlənmək məqsədilə qaçırdığı bldirilmişdi. 

 Hadisə barədə fikirlərini “Şərq”lə bölüşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, kimliyindən asılı olmayaraq adam qaçırmaq insan oğurluğu hesab edilir və cinayət məsuliyyəti yaradır: 

- Bəzən qız qaçırmanı ənənəyə bağlamaq istəyənlər, “qız qaçırmaq adəti qədimdən olub, indi də var” deyərək buna haqq qazandırmağa çalışanlar tapılır. Özündə zorakılıq elementi daşıyan bu hərəkət birmənalı şəkildə cinayətdir. Buna hansısa formada haqq qazandırmaq mümkün deyil. Salyanda baş vermiş  hadisədə qaçırılan şəxs yetkinlik yaşındadır.  Qaçıran da həmçinin. Birinin 31 yaşı var, birinin 25. Fərz edək ki, 31 yaşlı şəxs həmin qızla həqiqətən evlənmək istəyir və xanım da onunla evlənməyə razıdır, amma valideynlər narazıdır, razılıq vermirlər. Bu halda qızı zorla avtomobilə oturtmaq əvəzinə, birlikdə nikah şöbəsinə gedib rəsmi qaydada nikaha daxil ola bilərdilər və bundan sonra da valideynlərinə xəbər verərdilər. Qızı zorla maşına oturda bilir, amma qanuni şəkildə nikaha daxil olmaq “ağlına gəlmir”?! Gənc qızı maşına zorla oturtmaq o deməkdir ki, burada zorakılıq faktı var. Qız, görünür razı deyilmiş həmin şəxslə evlənməyə. Ona görə də qaçırıblar. Bu, birbaşa adam oğurluğudur. Adam oğurluğunda cinayət məsuliyyəti o zaman ləğv edilir ki, qaçırılan şəxs öz razılığı ilə getdiyini, qarşı tərəfdən şikayətçi olmadığını rəsmi şəkildə bildirir. Bu halda hətta valideynlər cinayət işinin açılmasında, qızın evə qaytarılmasında israr etsələr də, hüquq yetkinlik yaşına çatmış şəxsin tərəfindədir. İstisnasız cinayət məsuliyyətinə cəlbetmə yalnız yetkinlik yaşına çatmayanlarla bağlı və əlbəttə ki, qaçırıldığını təsdiqləyərək iradəsi xaricində qaçırılma təsdiqləndikdə baş verir. 

  M.Zeynalova qeyd etdi ki, qız qaçırılmasının birmənalı şəkildə əleyhinədir: 

- Dəfələrlə şahidi olmuşuq ki, bu cür hallar baş verdikdən sonra rəsmi nikaha daxil olmurlar. Bu isə qadın üçün asılılıq yaradır. Ayrılma zamanı da qadına əmlakdan heç bir pay düşmür. Ona yaşayış sahəsi də verilmir. Rəsmi nikah tərəflərin mübahisələrinin həllində vacib amildir. Nikah bağlamamış cütlüklərin övladları da problemlə qarşılaşır. Şəxsiyyət vəsiqəsinin alınmasında, soyad məsələsində problemlər ortaya çıxır. Nikaha daxil olmadan qız qaçırmaq aşkar şəkildə zorakılıqdır. Əgər bir insanın evlənmək istəyirsə, evlənməkdə qərarlıdırsa, daha niyə qaçırır? Əvvəlcə nikah bağlasın, sonra hara istəyir aparsın.