Bizim də başımızın üstündə təhlükə var

Ancaq hələlik Allahın rəhmi ilə zaman amansızlıq etmir

“Bakıda bütün tikililərdə, tikilməkdə olan binalarda inşaat işləri müvəqqəti dayandırılıb, yüksək səviyyəli yoxlamalar aparılmalıdır”


  Qardaş Türkiyədəki dəhşətli zəlzələnin nəhəng dağıntı miqyası Bakıdakı tikililərin davamlılığını bu daha gündəmə gətirib. Zatən bu problem daim gündəmdə olub, lakin indi təhlükənin reallığı məsələyə ciddi yanaşma tələb edir. Paytaxtda saatbasaat ucalan göydələnlərin heç də hamısının möhkəm, güvənilir inşa edilmədiyi də sirr deyil. Bunu yaşayış binalarının tikintisi aparılarkən adi gözlə də müşahidə etmək mümkündür. Tikintilərdə arakəsmələr üçün yüngül kərpiclərdən daha çox istifadə olunur. Sahibkarların daha az xərclə daha çox gəlir əldə etmək prinsipi də məlum həqiqət olduğundan beton konstruksiyaların hazırlanmasında lazımi miqdarda kütlədən istifadə edildiyinə kimsə inanmaz.

 Türkiyə kimi ölkədə binalar oyuncaq ev kimi dağılıb tökülürsə, bizdəkilərdən Allah saxlasın! Qardaş ölkədə baş vermiş dağıntılar, təbii ki, tikililər məsələsinin də müzakirəyə çıxarılmasına səbəb olub. Amma efirə dəvət edilənlər “yox, Bakıda tikilən binalar zəlzələyə davamlıdır” deyib, baş aldadırlar.

 Efirə çıxanlar hansısa agentliklərin, şirkətlərin, komitələrin tikilinin təhlükəsizliyinə zəmanət vermiş rəsmi şəxsləridir və onların “öz ayranlarına “turşdur”, deyəcəklərini gözləmək də sadəlövhlükdür. Bizim kimi sıravilər də gedib binaların möhkəmliyini yoxlaya bilməyəcəyik. Buna nə səlahiyyətimiz, nə də ixtisasımız yol verir. Amma başqa təkliflər də var. Yazıçı-publisist, jurnalist Kərim Kərimli ağlabatan bir təkliflə çıxış edib. Sosial şəbəkədə status paylaşan Kərim Kərimli bunları yazıb:     
- Vətəndaş məsləhəti, yaxud təşəbbüsü. Yaxın günlərdə ən yüksək səviyyələrdə, xüsusi sərəncamla Azərbaycanın bütün ərazisində, xüsusilə də Bakı şəhərində hazırda tikintisi gedən, başlamış, başlayan, nəzərdə tutulmuş, tutulan, qərarı alınmış, alınmaqda olan və mərtəbələrinin sayı 9-dan artıq bütün (yaşayış, ya qeyri-yaşayış) binalarda inşaat işləri müvəqqəti dayandırılsın. Yüksək səlahiyyətli, tərkibində müstəqil mütəxəssislərin, həmçinin xaricdən dəvət ediləcək nüfuzlu və heç kimdən, heç bir dövlətdən asılı olmayan ekspertlərin də olduğu komissiyanın çox ciddi yoxlamasından sonra mümkün və çox uzun müddətli gələcəyə təhlükəsizlik təminatı olanlara işi davam etdirməyə icazə verilsin. Ancaq əminəm ki, belə təhlükəsiz binaların sayı çox az olar. Çünki gündəlik kütləvi informasiya vasitələrindən, o cümlədən televiziyalardan, sosial şəbəkələrdən və keçmişin acı təcrübələri barədə xatirələrdən alınan qənaət budur ki, bizim də başımızın üstündə bu cür təhlükə var. Ancaq hələlik Allahın rəhmi ilə zaman amansızlıq etmir. Atalar məsəli var: kimdən öyrəndin? Gözü çıxmış qardaşımdan! 

Qardaşımızın gözü bizim gözümüzdür, bu, aydındır. Ancaq hələ salamat gəmini deşilməmiş xilas etmək də ağıllı və müdriklərin məsləhətidir. “Gözü qızmış” oliqarx milyarderlərin tükənməyən pul ehtirasını qidalandırmaq üçün cinayətdən də üstün tikintiləri davam etdirərək Bakı kimi bir dünya şəhərini və onun on minlərlə sakinini qurban vermək?!. Bu barədə düşünmək belə fəlakət xofu yaradır. Nə qədər gec deyil, düşünməliyik.
  K.Kərimli Respublika Seysmoloji Xidmət Mərkəzinin rəisi Qurban Yetirmişlinin son günlər KİV-ə verdiyi açıqlamalarını da diqqətə alıb: 
- Q.Yetirmişlinin 2019-cu ildən bəri tikinti şirkətləri digər icazə sənədləri ilə yanaşı zəlzələyə davamlılıq, yaxud ərazinin seysmik aktiv zona olub-olmaması barədə Mərkəzdən müvafiq sənəd almaması haqda açıqlaması da mənim arqumentlərimi gücləndirir. 

Digər tərəfdən, Bakı, ümumiyyətlə, çox sıxlaşıb və həddən ziyadə yüklənib. Bunun ağır və çox gözlənilməz fəsadları ola bilər ki, zəlzələ təhlükəsi də onlardan biri və yəqin ki, ən qorxulusudur. Bu məsələlərə hökumət də, ictimaiyyət də çox ciddi diqqət yetirməlidir. Bu, bizim və gələcək nəsillərimizin taleyini birbaşa həll edən amillərdir.

 Vaxtilə “Səhər” qəzetinin fotomüxbiri və İllüstrasiya şöbəsinin müdiri işləmiş Şahin Abasəliyev isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, sovet illərində bəzi binalar “yastıq” üsulu ilə tikilib: 

-  Sovetlər vaxtı Bakıda 9 mərtəbədən yuxarı tikilən evlər “yastıqla” tikilirdi. Ü.Hacıbəyli küçəsində, keçmiş “Bakı” univermağının böyründəki bir-biriylə üzbəüz 2 hündür binanın özülü “paduşka” üsulu, yəni “yastıqla” qoyulub.  Zəlzələ olsa, o 2 bina yellənib yenə də yerində salamat qalacaq. Amma həmin üslubla ev tikmək çox baha başa gəlir deyə, sahibkarlar ona “getmir”.