Rayonlarda qonaq evləri yaratmaq daha rahatdır

Bu təşəbbüs digər regionlarımızda da davam etdirilməlidir

  "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarında 65 kənd qonaq evi yaradılıb.
  Bunu Kiçik və Orta Biznesin İnkişafı Agenyliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tvitterdə yazıb. O qeyd edib ki, KOBİA və tərəfdaşların dəstəyi ilə icra olunan layihə regionlarda sahibkarlığı təşviq edir.
  Xatrıladaq ki, layihənin məqsədi kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək göstərməkdir. İlk mərhələdə rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulmuşdu. Əslində, Azərbaycanda kənd yaşıl turizmi bir neçə il əvvəldən inkişaf etməyə başlayıb. Amma son vaxtlar regiona səfər edənlərin artımı və xarici səfərlərin bahalaşması yerli turistləri daha ucuz variantlar axtarmağa vadar edib. Çünki hazırkı qiymətlərlə hotellərdə 3 gündən artıq qalmaq sərfəli deyil. Kənd evlərində isə qiymətlər qat-qat aşağıdır, üstəlik, kənd təbiiliyini axtaranlar üçün kənd evində qalmaq daha məqsədəuyğundur.
  Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə,  turizm potensialı yüksək olan rayonlarda qonaq evlərinin yaradılması təqdirəlayiq haldır: “Azərbaycanda 700-ə yaxın hotel fəaliyyət göstərir. Bu da əhalinin bir qisminin istirahət imkanlarını məhdudlaşdırır. İnsanlar ya yer tapa bilmir, ya da hotel qiymətləri onların büdcəsinə uyğun olmadığı üçün xidmətdən yararlana bilmir. Hotellərdə qiymətlərin yüksək olması da məhz seçim imkanlarının az olması ilə əlaqəlidir. Xüsusən də bayram və tətil günlərində  rəqabət mühiti olmadığı üçün insanlar turizm məkanlarında  yer tapa bilmir”. 
  Son  illər ölkəmizdə turizmin müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi, şaxələndirilməsi ilə bağlı müxtəlif işlər görüldüyünü müsbət dəyərləndirən ekspert qeyd edib ki, kənd qonaq evlərinin hoteldən əsas üstün cəhəti onun təbiiliyindədir: "Aqroturizmin inkişafı ilə bağlı KOBİA tərəfindən müxtəlif işlər görülür, layihələr həyata keçirilir. Kənd sakinləri  dövlət tərəfindən öz evinin təmiri üçün dəstək alır: “Bundan əlavə ona müəyyən lazımi avadanlıqlar verilir ki, orada gəlib qalan qonaq özünü öz evindəki kimi hiss etsin. Bundan əlavə, həmin kəndliyə qonaqları qəbul etmək üçün təlimlər keçirilir. Digər hal evin sakininin ərazini yaxşı tanıması və adət-ənənələrini bilməsi qonağa əlavə məlumatların verilməsində köməklik edir. Əlavə xidmətlər olmadığı üçün kənd qonaq evlərində qiymətlər də münasib olur. Bu isə bir çox turist və ölkə vətəndaşlarına sərf edir. Bölgələrə həm yerli, həm də xarici turistlərin marağını və axınını artıracaq. Digər tərəfdən, bu, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması baxımından da çox önəmlidir. Həmçinin ölkəmizin turizm potensialının artmasına faydalı olacaq. Urbanizasiyalaşmış dövrdə şəhər sakinləri istirahət, xoş zaman keçirtmək üçün daha çox kənd yerlərinə üz tuturlar. Xüsusən, pandemiyadan sonrakı dövrdə insanların təbiətə qayıdışı, kənd həyatı ilə təmas onlara başqa bir zövq verir. Şəhər yerlərində yaşayanlar istirahət üçün kəndlərə, rayonlara getməyi sevirlər”.
  C.Aşurovun sözlərinə görə, hotel sahəsi kifayət qədər kapital tutumlu sahə olduğu üçün tikintisi illərlə vaxt aparır. Kənd evlərini  isə tikmək, turizm üçün əlverişli şərait yaratmaq daha rahatdır: “Hesab edirəm ki, bu təşəbbüs digər regionlarımızda da davam etdirilməlidir. Yeganə qeydim odur ki, kənd qonaq evlərinin vahid platforması yaradılsın.  Belə bir internet resursunun olması bu evlərin əlçatanlığını daha da artırmış olar”.