Vərəm yoluxucu xəstəlikdir


Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub


  Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova nazirliyin sosial media hesablarına vərəm xəstəliyi ilə bağlı gələn sualları cavablandırıb. İnstitut direktorunun sözlərinə görə, vərəm yoluxucu xəstəlikdir. Xəstəliyin əsas yoluxma mənbəyi - Vərəm Mikobakteriyası (Mycobacterium Tuberculosis) ifraz edən ağciyər vərəmi olan xəstələrdir: “Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Vərəm çöpləri ilə yoluxanlar arasında xəstələnənlər daha çox ilk dəfə yoluxanlar arasında olur. Bu üsul ilə təkrar yoluxanlarda isə xəstələnməyə daha az rast gəlinir.
  Xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahsızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi və qanhayxırmanın olmasıdır”.
  İ.Axundova statistik məlumatlara istinadən deyib ki, 2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. Xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib: “Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsinin dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) - 2292-dir. Yalnız residivi olan bu rəqəmdən (yəni sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. 2022-ci ildə cəmi 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301 ilkin xəstələr, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib”.