Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməməsi ilə bağlı qərar qəbul edilib.
Nazirlər Kabinetinin 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.
Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:
2 ilə qədər olan minik avtomobilləri 2 faiz; 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3 faiz; 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9 faiz.
Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.
Qərara müsbət yanaşdığını deyən yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov "Sherg.az"a bildirib ki, müəyyən bir vaxtdan sonra bunu 5 ilə də sala bilərlər:
"Çünki ölkədə hazırda istismar müddətini tamamlamış çox sayda avtomobil var. Bu isə ekoloji cəhətdən havanı zəhərləndirir və atmosferə mənfi təsir göstərir. Həmçinin 30-40 il bundan öncə istehsal olunan nəqliyyat vasitələri yol hərəkətinin təhlükəsizliyinə böyük maneə təşkil edir. Ona görə de belə nəqliyyat vasitələrini nizamlamaq lazımdır.
Bunun birinci yolu isə ölkəyə gələn köhnə avtomobillərin axınını dayandırmaqdır. Hətta 5-6 il öncə Avro-4 standartına uyğun qərar qəbul edilmişdi. Biz bu standartın yalnız havanın ekoloji zəhərlənməsinə qarşı olduğunu başa düşürük.
Ancaq nəqliyyat vasitələri köhnəldikcə, onların müəyyən konstruktiv elementləri həm aktiv, həm passiv, həm də ekoloji təhlükəsizliyin elementləri, öz resurslarını itirmiş olur. Buna görə də ölkədəki nəqliyyat vasitələrini yeniləmək lazımdır. Mən hətta arzu edərdim ki, qərar 5 il öncə istehsal edilmiş avtomobillərə şamil edilsin. Yəni kimin imkanı varsa, maşınlarını yeniləməli, köhnələr isə istismardan çıxarılmalıdır. Ümumiyyətlə Nazirlər Kabinetinin yaxın zamanda çıxdaş məsələsinə baxılması barəsində də qərar verməsini təklif edərdim. Yol hərəkətinin təhlükəsizliyi barəsindəki proqramın müddətinə az qalıb. Yeni proqramda çıxdaş məsələsinin icra mexanizmi də işlənilsə yaxşı olardı".