Müşahidə kameralarının sayı artırılmalıdır

Bakıda "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var

  Hipermarketdəki silahlı insident və Səməd Vurğun küçəsindəki atışmadan qısa müddət sonra deputat Fazil Mustafaya qarşı törədilən terror baş verən cinayətlərin  açılmasında DİN-in texnologiyalardan, rəqəmsal resurslardan, "Təhlükəsiz şəhər" sistemindən peşəkarlıqla istifadəsi məsələsini gündəmə gətirib.  Əsas maraq doğuran sual isə odur ki, cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında "Təhlükəsiz şəhər" sistemi müasir tələblərə cavab verirmi? Müşahidə kameraları maskada olan şəxsi identifikasiya etməyə imkan verirmi?

  İKT eksperti Osman Gündüzün sözlərinə görə, ölkəmizdə "Təhlükəsiz şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir. Bu sistem daxilində biometrik identifikasiya, videomüşahidə və s. bu tip alt sistemləri mövcuddur, kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə, izləməyə imkan verir: “Bununla bağlı Prezidentin 15 may 2009-cu il tarixli fərmanı və NK-nın 2010-cu ildə qəbul edilən qərarları var. Videomüşahidə kameralarının quraşdırılacağı məkanlar, bu işə məsul qurumlar, bu işin reallaşmasına ayrılan vəsaitlərlə bağlı NK-nın qərarına bir neçə dəfə əlavələr də olub.
  Əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı. Hazırda isə yuxarıda qeyd olunan qərara edilən dəyişikliklərdən sonra  müşahidə kameralarının sayı və keyfiyyəti xeyli artırılıb.

  Son açıqlanan məlumatlara görə, Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemində, təxminən 2300  nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib.
  İnkişaf etmiş ölkələrdə isə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir.

  Beynəlxalq təcrübəni, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımları müşahidə etdikdə görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var.

  "Təhlükəsiz şəhər" sisteminin əsas tərkib hissəsi olan videomüşahidə infrastrukturunun qurulması mövcud normalara görə DİN, FHN, Yerli icra qurumları və Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinə həvalə edilib.
Lakin görünən odur ki, bu infrastrukturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar da var.
Baş verənlər və müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır”.
  O. Gündüzün sözlərinə görə, yeni tikilən binaların, obyektlərin təhvil-təslimində "Təhlükəsiz şəhər" sisteminə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir. Qaydalar bunu tələb etsə də, icrası istiqamətində problemlər var.
  Bu sistemin operatoru olan DİN bu prosesdə daha yaxından  iştirak etməlidir: “Yeni tikililərdə telekommunikasiya və videomüşahidə sisteminin mövcudluğu və istismarı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir.
  Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir videomüşahidə sistemləri, təmassız biometrik texnologiyalar  quraşdırılmalıdır.
  İnkişaf etmiş ölkələr terrorçuluğa qarşı mübarizədə, identifikasiya məsələlərində süni intellekt həllərindən istifadəyə daha çox önəm verirlər. Bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqinə diqqət artırılmalıdır.
  "Təhlükəsiz şəhər" sisteminin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi,  kameralardan məlumatların ötürülməsi üçün optik şəbəkənin inkişaf etdirilməsi, məlumatların emal edilməsi üçün Data Mərkəzin gücünün artırılması, digər təhlükəsizlik sistemləri ilə inteqrasiya böyük resurslar və peşəkar kadrlar tələb edir”.
Ekspert deyib ki, dünyada baş verənlər, son zamanlar ölkəmizdə baş verənlər və beynəlxalq təcrübə də göstərir ki, "Təhlükəsiz şəhər" tipli sistemlər ictimai təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir:
“Odur ki, hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi, düşünürəm ki, faydalı olardı.
  Yeri gəlmişkən, videomüşahidə sistemləri ilə toplanan informasiyaların qorunması və bu məlumatlardan sui-istifadə hallarının qarşısının alınması üçün də qanunvericiliyin təkmilləşdirilməsi vacibdir”.