Peşəkarlar qabağa çəkilməlidir


Kənd Təsərrüfatı Nazirliyinə bu sahə üzrə mütəxəssisləri cəlb etmək zəruridir

  Hazırda kənd təsərrüfatı naziri vəzifəsində çalışan Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir. Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub. Məsələ dünən Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib. Müzakirələrdən sonra məsələ Parlamentin plenar iclasına tövsiyə edilib.
  İnam Kərimovun Ali Məhkəməyə sədrliyi təsdiqlənəcəyi təqdirdə  Kənd Təsərrüfatı naziri postuna yeni təyinat gözlənilir. 

  İqtisadçı-ekspert Rauf Qarayev isə “Şərq”ə açıqlamasında deyib ki, 5 il əvvəl “ASAN xidmət”in sədri İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edilməsi menecerlik funksiyası daşıyırdı. Ətrafına ixtisaslı və peşəkar kadrları toplayan Kərimovun kənd təsərrüfatı sahəsindəki mövcud problemləri aradan qaldıra biləcəyi güman olunurdu: “İnam Kərimovun fermerlərin qarşılaşdığı çətinlikləri, süni maneələri tezliklə aradan qaldıracağına və bu sahənin inkişafına təkan verəcək addımlar atacağına ümid edilirdi. Ancaq daha sonra sözügedən  problemlərin nəinki azalması, əksinə, daha da artmasını müşahidə etdik. Bu zaman da İ.Kərimovun aqrar sektor üzrə mütəxəssis olmadığı ön plana  çəkilərək, bu təyinat  tənqid edildi. Sözün açığı, yeni təyin olunacaq kənd təsərrüfatı nazirinin ixtisaslı aqronom olub-olmaması bir o qədər də vacib  deyil. Əsas məsələ konkret sahələr üzrə təyinatlıların ixtisaslı olması, rüşvət və korrupsiyaya bulaşmamasıdır”.  

  R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış birinin nazir postuna təyin olunması peşəkarlıq baxımdan müsbət haldır. Lakin həmin adamın mütləq idarəetmə bacarığı olmalıdır: “İ.Kərimov yaxşı hüquqşünas və menecerlik bacarığına sahib bir rəhbər olsa da, onun kənd təsərrüfatı sahəsi ilə heç bir bağlılığı yox idi. İxtisas fərqli olsa da, ən azı bu sahədə müəyyən araşdırmaları, dərin bilgiləri olan bir kadr seçilməlidir. Ölkəmizdə belə bir tendensiya var ki, nazir təyin olunan şəxslər qısa müddətdə əvvəl çalışdığı sahədəki kadrları da öz yanına çağırır. Bu isə heç də effektiv bir islahat olmur. Az da olsa, iqtisadiyyat naziri  Mikayıl Cabbarovda bu tendensiya özünü doğruldub. İ.Kərimovun nazir təyin olunandan sonra Kənd Təsərrüfatı Nazirliyinə “ASAN Xidmət”-in əməkdaşlarını yerləşdirməsi istənilən nəticə vermədi. Heç olmasa, əvvəlki nazirin vaxtında bu qurumda az da olsa, iqtisadiyyata bağlı adamlar işləyirdi.  
  Yeni təyin olunacaq nazir ixtisaslı kadr olmasa da, mütləq bu sahədən olan kənd  təsərrüfatını inkişaf etdirmək qabiliyyətində olan mütəxəssisləri cəlb etməlidir. Yoxsa ki, nazir gələn kimi özünə yaxın dost-tanışı ətrafına toplaması  aqrar sektora ancaq zərbə vura bilər. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinə  kim gəlsə, onu çətin bir vəzifə gözləyir. Kənd təsərrüfatı kimi mürəkkəb bir sahəni idarə etmək, burada qısa müddətdə uğurlu nəticələr qazanmaq, inkişafa nail olmaq o qədər də asan deyil. Aqrar sektorun hər bir sahəsinin inkişafı uzunmüddətli və ardıcıl zəhmət, düşünülmüş və islahatyönümlü siyasət tələb edir. Birincisi, doğru kadr seçimi həyata keçirilməlidir. Kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıb. Nazirliyə kənd təsərrüfatı üzrə mütəxəssisləri cəlb etmək zəruridir. Həm də vəzifələrə sadəcə aqrar sahədə təhsili olan sıradan birilərini deyil, Azərbaycanda kənd təsərrüfatındakı mövcud vəziyyəti, problemləri dərindən bilən, onların həlli yolları barədə yenilikçi düşüncələrə malik, ölkənin iqtisadi çoğrafiyasından tam məlumatlı, bu sektordan böyük vəsait götürən dövlətlərin təcrübəsini öyrənmiş həqiqi mütəxəssisləri təyin etmək lazımdır. Çünki kənd təsərrüfatında mövcud vəziyyətin yaranmasının başlıca səbəbi nazirlikdə ixtisaslı kadrların sahə üzrə diletant şəxslərlə əvəzlənməsidir. Kənd Təsərrüfatı Nazirliyinə toplanmış qeyri-peşəkarlarla sahəni inkişaf etdirmək olmaz”.