Epilepsiya xəstələrinə avtomobil sürmək olmaz


Həkimin təyin etdiyi dərmanları dəqiq, müntəzəm qəbul etdikdə beyin kənar qıcıqlardan müdafiə oluna bilər

“Dərmanlardan düzgün istifadə olunarsa, xəstə işləyə, kompüterdən, televizordan istifadə edə bilər və hətta təyyarədə uça bilər”
 
  “Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər”. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib. Uşaqlarda qıcolmaların və ya epilepsiyaların  yaranma səbəbinə toxunan nevroloq deyib ki, genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sindromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Febril tutmaların altı aylıqdan altı yaşa qədər uşaqların iki-dörd faizində baş verdiyini xatırladan həkim deyib ki, onlara baxmaq qorxulu ola bilər, lakin febril tutmalar beyinə zərər vermir və zəkaya təsir etmir. 
Neyrocərrah Əli Ələkbərov isə deyib ki, əhalinin 1 faizində rast gəlinən bu xəstəlik beynin elektrik aktivliyi və kimyəvi siqnallarla əlaqəsi olan çoxsaylı sinir hüceyrələrindən əmələ gəlir: “Sinir hüceyrələrinin işini pozan siqnallar insanın davranış və dərketməsinə təsir edir. Epilepsiya qıcolma tutmaları ilə özünü göstərir. Epilepsiya əsasən anadangəlmə xəstəlik olub 5-6 yaşlarda büruzə verir. Çox zaman uşağın temperaturu qalxarkən qıcolmalar baş verir. Qıcolmalar uzun fasilədən sonra və ya gündə bir neçə dəfə təkrarlana bilir. Südəmər və körpələrdə epilepsiyanın olmasını uşağın başının tez-tez önə əyilməsi, qollarını arxaya əyməsi, ətrafdakılara ani olaraq biganə olması, başını ritmik sallaması, tez-tez gözlərini qırpması, ardıcıl olaraq qeyri-adi hərəkətlər etməsi, əllərində və ayaqlarında, bədənində təkrarlanan yığılmalar, tez-tez yıxılma pis dad və qoxu hissiyyatından şikayətlənməsi, səbəbsiz qorxma və əsəbilik kimi əlamətlərlə təyin etmək olar. Epilepsiya qıcolmaları arası dövrdə ilk baxışda uşaq sağlam kimi görünür. Lakin epileptik ensefalopatiya inkişaf etdiyi üçün narahatlıq, yaddaş pozulması, diqqət və qavrama zəifliyi əmələ gəlir. İnkişafdan qalma, oxuma, nitq, hesablama, yazma qabiliyyəti geri qalır. İrsiyyət faktorundan başqa epileptik ocaqların yaranmasına beyin şişləri, alkoqolizm, insult travmalar, infeksiyalar, dərman qəbulu (antidepressantlar, neyroleptiklər və s.) kimi xəstəliklər səbəb olur. Əgər epilepsiya tutmaları yarım saata qədər davam edərsə və yaxud tez-tez təkrarlanarsa, bu zaman xəstə huşunu itirər. Belə vəziyyətə epileptik status deyilir. Nəticədə xəstənin tənəffüsü pozulur, ürək fəaliyyəti dayanır. Beyin ödəmi nəticəsində koma, hətta ölüm ola bilir”.
Həkimin sözlərinə görə, epilepsiya xəstələri və onların yaxınları bəzi qaydalara əməl edərsə və məlumatlı olarlarsa, normal həyat sürməsi davam edə bilər: “Həkimin təyin etdiyi dərmanları dəqiq, müntəzəm qəbul etdikdə beyin kənar qıcıqlardan müdafiə oluna bilər. Belə ki, xəstə işləyə bilər, kompüterdən, televizordan istifadə edə bilər, kitab oxuya bilər və hətta təyyarədə uça bilər. Lakin  avtomobil sürmək, özbaşına dərman qəbulunu dayandırmaq, dənizdə və hovuzda nəzarətsiz çimmək, müntəzəm spirtli içkilər içmək, gecə növbədə qalmaq, qəhvə, tünd çay içmək şokolad, sarımsaq, soğan, acı istiot yemək bəzi hərəkətlər qadağan olunmalıdır.
  Sadə epileptik tutmalar (fokal) hissi, hərəki, psixi pozğunluqlar, tərləmə, nəbzin tezləşməsi, təngnəfəslik kimi əlamətlərlə görünə bilir. Hissi əlamətlər aura adı verilən qeyri-adi hissiyyat şəklində olur. Bunlar fərqli görüntü, qoxubilmə kimi də ola bilir.
  Bəzən çox kəskin qorxu, sevinc, həyəcan, ürəkbulanma, başgicəllənmə, qaşınma hissi, üzün rənginin solması və ya qızarması kimi də meydana çıxır. Sadə, fokal qıcolmalar ani başlayıb bir neçə saniyə davam edir. Aura ilə əmələ gəlib hərəki əlamətlərə və ya ümumi qıcolmalara çevrilə bilir.
   Ümumi qıcolmalar bütün beyinə yayılan elektrosiqnallar nəticəsində baş verir. Bu zaman bədəndə yığılmalar, gərginlik, titrəmələr, tonik-klonik qıcolmalar əmələ gəlir.
  Epilepsiyanın xüsusilə, kiçik uşaqlarda müxtəlif növləri ayırd edilir. Çox rast gəlinən növündən biri bədən temperaturu yüksələn zaman baş verən qicolmalardır. Belə tonik-klonik qıcolmalar zamanı uzun müddətə təyin olunan dərmanlar qəbul etməyə ehtiyac yoxdur.
Bir çox xəstəliklər, o cümlədən yüksək temperatur, kalsium çatışmazlığı, qanda şəkərin aşağı səviyyəsi qıcolmalara səbəb ola bilər. Ona görə də əvvəlcədən xəstənin tibbi müayinədən keçməsi və bəzi testlərin aparılmasının əhəmiyyəti vardır”.
  Cərrahın sözlərinə görə, epilepsiyanın əsas müalicəsi dərmanlarla aparılır: "Hər xəstənin orqanizmi dərmanlara fərqli reaksiya verir. Ona görə də qıcolma tutmalarını nəzarət altına almaq üçün həkim dozaları tənzimləməlidir və bunun üçün də vaxtaşırı təqib olunmalıdır. Dərmanların qandakı miqdarını təyin etmək üçün analizlər aparılır. Dərmanın qandakı səviyyəsi zəhərlənmə və fəsadlar verməmək şərti ilə xəstənin tutmalarının qarşısını ala biləcək dozada təyin olunmalıdır".
  Ə.Ələkbərov deyib ki, əgər dərmanlarla müalicənin effekti görünməzsə, cərrahi əməliyyat düşünülə bilər. Əməliyyat zamanı qıcolmalara səbəb olan mərkəzdə beynin bir hissəsi çıxarılır və ya beynin digər tərəfinə keçən yollar kəsilərək qıcolmanın yayılmasının qarşısı alınır.