"Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi"

Deputatlar Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayıblar


  Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasa Parlament sədrinin birinci müavini Əli Hüseynli sədrlik edib. Cari məsələlərlə bağlı çıxış edən deputatlar həmkarları, millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayıblar. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva əminliklə bildirib ki, bu kimi terror işində əli və vasitəçiliyi olanlar layiqli cəzasını almalıdır və alacaq: "Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bu şəbəkəni xaricdən idarə edənlər bilməlidir ki, Azərbaycan dövlətini, xalqını qorxutmaq olmaz”. 

  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti İranın xoşuna gəlmir. Onun sözlərinə görə, İranın həzm edə bilmədiyi digər məsələ Azərbaycanın Vətən müharibəsində zəfəridir: "İran daim Azərbaycana qarşı bu cür münasibət göstərib. Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi. Belə hücumlar heç bir nəticə verməyəcək, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir, bu hücumları quranların elə özlərinin başında çatlayacaq”.

"Terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər" 

  Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər: "İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar. Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Sərhəddə İrana qarşı da vuruşa bilərik. İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir”.

 “Artıq daşları yığmaq zamanıdır. Özlərini yığışdırsınlar, sonra pis olacaq"

  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, dəyərli millət vəkili Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclisdə hüquqi-siyasi qiymət verilir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. O qeyd edib ki, martın 4-ü Bakıda hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir: “Terrorun silahı nə olursa-olsun - tapança, avtomat, bomba, - onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir".

  Milli Məclisin deputatı Əli Məsimli söyləyib ki, Fazil Mustafaya qarşı edilən sui-qəsdin məqsədi ölkədə xaos yaradılmasına, sabitliyin pozulmasına nail olmaqdır: "Amma Azərbaycanın hüquq-mühafizə orqanları terror şəbəkəsinə imkan verməyəcək ki, meydan sulasınlar". Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən əvvəl Aprel döyüşləri ilə Ermənistana mesaj ötürdü: "Ölkəmiz bu döyüşlərlə bildirdi ki, qarşı tərəf özünə yığışmasa, aqibəti ağır olacaq. Elə də oldu. Vətən müharibəsi ilə Ermənistanı yerində oturtduq, düşmən kapitulyasiya aktına qol çəkməli oldu. İndi də ölkəmizdə xaos yaratmaq və sabitliyi pozmaq istəyənləri xəbərdar etmək lazımdır ki, artıq daşları yığmaq zamanıdır. Özlərini yığışdırsınlar, sonra pis olacaq".

“Siz kimin yanındasınız?”

  Millət vəkili Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi İran tərəfi bir neçə gün bundan əvvəl Azərbaycana nota təqdim etdi. Notada bir çox absurd iddialar əksini tapıb: "Orada Azərbaycan mediası ilə bağlı da bir sıra məqamlar da qeyd olunub. Sözügedən sənəddə İran tərəfi Azərbaycan mediasını İran əleyhinə təbliğat aparmaqda günahlandırır və Azərbaycan tərəfindən bu kimi cəhdlərin qarşısının alınmasını tələb edir. Reallıq isə ondan ibarətdir ki, 30 ildir İran mediası, xüsusilə “Səhər” kanalı Azərbaycan əleyhinə təbliğat aparır. Azərbaycanın dövlət atributları, Prezidenti və dövlət məmurları haqqında davamlı təxribat xarakterli məlumat və videolar yayır. Eyni zamanda İran rejiminin sosial platformalarda yaratdığı teleqram kanalları Azərbaycan əleyhinə gecə-gündüz iftiralar yayır, Azərbaycana qarşı hədyanlar səsləndirir”. Deputat onu da qeyd edib ki, həmkarı Fazil Mustafa terror aktına məruz qaldığı gündən, İran mediası ciddi-cəhdlə bu terrorun Azərbaycan tərəfindən törədildiyi barədə xəbərlər yayaraq ictimai rəyi çaşdırmağa çalışır: “Təəssüf ki, hər zaman düşmənin dəyirmana su tökməyə öyrəşmiş, ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirə bilməyən bir qrup “vətənşivən” də bu kampaniyaya qoşuldu. Bu həm də onu göstərdi ki, Azərbaycanın düşmənlərinin hamısı eyni mənbədən qidalanır. İran aydındır. Bəs siz kimin yanındasınız? Həmkarımıza yönəlmiş terror aktı bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə yönəlmiş sui-qəsd idi. Bu məsələdə hər kəs dövlətin yanında olmalı idi. Siz isə hər zaman olduğu kimi, yenə düşmənin yanında oldunuz. Əgər İran istəyirsə ki, Azərbaycan tərəfi qarşılıq verməsin, o zaman təxribatlara, Azərbaycan əleyhinə təbliğata, hədyanlara son qoymalıdır”. 

"Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlərə son qoyun"

  C.Məmmədov İranın Azərbaycanda apardığı zərərli və zəhərli təbliğatın qurbanlarına da müraciət edib: “Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlərə son qoyun! Yoxsa sizi də eyni aqibət gözləyir. Bir gün mütləq hər biriniz qanun qarşısında cavab verəcəksiniz. Buna heç kimin şübhəsi olmasın. Eyni zamanda guya, “Azərbaycanda şiəliyə və şiələrə qarşı mübarizə aparılır” kimi  təbliğata da aldanmayın. Azərbaycanda bu gün heç bir dinə və məzhəbə qarşı hansısa bir məhdudiyyət və qadağa yoxdur. Ancaq Azərbaycan din pərdəsi altında kiminsə ölkəmizin təhlükəsizliyinə təhdid yaratmasına imkan verməyəcək. Bunu hər kəs bilməlidir”.    
  Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
  Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.