Uyğun qiymətə məktəbli formaları harada satılır? 

Üstəlik, orada formalar Bakı Tikiş Evinin təklif etdiyindən qat-qat keyfiyyətlidir


  Dərslərin başlanmasına  bir aydan çox qalsa da, məktəbli formaları ilə bağlı  müzakirələr aktuallaşıb. Valideynlər  40 dərəcə istidə mağaza- mağaza gəzib münasib qiymətə keyfiyyətli forma axtarır, məktəb direktorları  isə onlara forma alacaqları ünvanı diktə edirlər. Şikayətçi valideynlərdən biri "Bakupost.az"a məlumat verib ki, Bakıda valideynlər məktəbli formalarını məşhur “Panda Kids” mağazalar şəbəkəsindən almağa məcbur edilir: “Məktəb direktorlarına tapşırıq verilib ki, valideynlər formaları “Panda Kids”dən alsınlar.  Bizləri o mağazaya yönəldirlər. Bilmirəm nə səbəbə? Görünür, yenə hansısa məmurun işidir. Bizə çatan məlumata görə, bu göstəriş birbaşa Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevadan gəlib”. Qeyd edək ki, bu iddia lap  bəzi həkimlərin, müalicə mərkəzlərinin dərman firmaları ilə müqavilə bağlamasına oxşayır. Necə ki, firmalar daha çox satılan dərmanların müqabilində həkimə, müalicə müəssisəsinə faiz verirlər,  məktəb rəhbərliyi də  məktəbli forması ilə «alver» etməyə başlayıblar.  Qeyd etdiyimiz kimi, hələ məktəblərin açılmasına 5-6 həftə qalıb.  Belə görünür ki, bu xəmir hələ çox su aparacaq, yəni məktəb direktorlarının  forma ilə bağlı tələbləri çox valideyni borc-xərcə salacaq.
 
  Valideyn olaraq məktəbli formalarının qiyməti və geyimlərin keyfiyyəti ilə maraqlanan sosioloq- jurnalist Lalə Mehralı isə “Sherg.az"a açıqlamasında deyib ki, məktəbli formalarını "Sədərək" Ticarət Mərkəzindən daha uyğun qiymətə almaq mümkündür. Üstəlik, orada formalar Bakı Tikiş Evinin (BTE) təklif etdiyindən qat-qat keyfiyyətlidir: 

“BTE tənzif kimi köynəyi 15 manata verir, "Sədərək"də isə həmin köynək 8-10 manatadır. BTE-nin 25 manata təklif etdiyi ətək və şalvarı isə "Sədərək"də ölçüsünə görə 10-15 manata almaq olar. BTE məktəbli jaketini 30 manata satır. "Sədərək"də isə jaketlər ölçüsündən asılı olaraq 12-18 manatadır".
  Sosioloq  "Sədərək"dəki məktəbli formalarının parçası və tikişinin də daha keyfiyyətli olduğunu vurğulayıb: "Sex malıdır deyə onları xor görürlər.  Keçən il BTE-yə loqolu köynək sifariş etmişdik, 1 dəfə suya düşən kimi parça-parça oldu.
  Amma "Sədərək"dən aldığım formanı 2 ildir uşaqlarım geyinir, hələ də aldığım kimidir. Formanı dəyişməsələr hələ geyinəcəkdilər. Hələ ötən il, dövlət televiziyasının efirində, “Çıxışa doğru” proqramında bu məsələnin müzakirəsinə dəvət olunanda fikirlərimi canlı efirdən demişdim. Mən, yeni forma tətbiqində 3 ildən bir formanın rənginin pedaqoji şurada müzakirəyə çıxarılacağı fikrini absurd hesab edirəm. Fikrimcə, bu, valideynlərin cibinə girməkdir. 3 övladını məktəbə göndərməli olan valideyn böyük övladının kiçilən formasını kiçik övladına geyindirməklə ailə büdcəsinə qənaət etmiş olur, lakin uşaqlar arasında 3 il müddət varsa və böyüyün forması kiçiyə 3 il sonra olursa, bu, mümkün olmayacaq. Çünki hər işıq gələn yerdən pul qazanmağa çalışan, yumurtadan yun qırxan bəzi məktəb direktorları üçün bu, qazanc mənbəyinə çevriləcək. 
  Deməli, ötən il təsdiq olunan yeni məktəbli geyimi modeli 4 rəngdə istehsal ediləcək - ağ, boz, yaşıl, mavi. Gülməli olan odur ki, hər 4 modeldə 3 növ ətək, 2 növ köynək var. Budur vahid forma!?  Hansı məktəb hansı rəngi istəsə o rəngi seçəcək, valideynlərə bildiriləcək, valideynlər də o rəng forma alacaq.  İl ortasında evini satıb başqa yerdən ev alan valideyn, kirayədən çıxmaq məcburiyyətində olan, başqa yerdə kirayə tutmalı olan valideyn, iş yerini dəyişdiyinə görə evini də dəyişməli olan valideyn, sənin “gəlhagəl”in olacaq. Çünki bu kimi hallarda uşağın məktəbini də dəyişməli olacaqsan. Belə olan halda da sən iki dəfə keflənəcəksən, çünki uşağın hazırkı məktəbində geyindiyi forma yeni məktəbin forması ilə düz gəlməyəcək”.
  Məktəb rəhbərliyinin valideynləri hansısa konkret mağazaya yönləndirməsinə gəldikdə isə müsahibimiz bunun  yolverilməz  olduğunu deyib. Onun sözlərinə görə, valideyn məktəbli formasını istənilən satış mərkəzindən ala bilər. Heç bir məktəbin haqqı yoxdur ki, valideyni məcburən hansısa satış mərkəzinə göndərsin. 
  Məktəbli forması elə bir vasitədir ki, onsuz da alınır və  alınacaq bir əşya üçün belə yersiz canfəşanlıq normal təhsil aurasına yaddır.  Övladı məktəbə gedən gedən məktəbli formaları harada satılır, qiyməti neçəyədir. Sadəcə, vətəndaşlarımız bir qədər ayıq-sayıq olmalı, möhtəkirlərə meydan buraxmamalıdırlar.