Həkimin "kitab qovşağı" dəstəkləndi

Tural Cəfərov: "Kitabsız cəmiyyətin sonu fəlakətdir”

Cəlil Cavanşir: "İnanıram ki, bu cür təşəbbüslər çoxalacaq"


  “1 manatlıq kitab aksiyası keçirəndə bir doktorla tanış oldum. Çox kitab almışdı, diqqətimi çəkdi. Həmsöhbət olduq, bəlli oldu ki, işlədiyi ofisin yanında bir kitab rəfi qoymaq istəyir, parkda gəzişən gənclər rəfdə olan kitabları götürüb oxusunlar”.
  Bunu “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib. Onun sözlərinə görə, sözügedən şəxs yeni yaratdığı "kitab qovşağı"nın şəkillərini də göstərib: “Kitab qovşağı  Xırdalanda AAF yaşayış kompleksinin yanında yerləşir. 
  Hər məhəllədə belə bir ziyalımız olarsa, görün toplum necə inkişaf edər. Kitab oxumağın faydasını görən insanlar gərək önə çıxıb belə təşəbbüslərlə çıxış etsinlər.
  Qeyd edək ki, bu, ilk təşəbbüs deyil. Ötən illər ərzində də ayrı-ayrı şəxslər tərəfindən şəhər mərkəzlərində və parklarda bu cür rəflər quraşdırılıb. Lakin nəticə gözlənilən effekti verməyib. Bir müddət sonra rəflər boşaldılıb,  götürlən kitablar ya qaytarılmayıb, ya da ikinci əl qruplarında satışa çıxarılıb. 
  Sözügedən təşəbbüsü təqdirəlayiq hal kimi dəyərləndirən yazıçı Tural Cəfərov “Sherg.az"a açıqlamasında deyib ki, kitabla bağlı hər cür aksiya səmərəlidir: 

“Biz hər şeydən qabaq kitabın insanlar üçün əlçatan olmasını təmin etməliyik. Sovet hökuməti bunu edə bilirdi, amma biz yox. Bu gün kitab az qala nadir bir elementə çevrilməkdədir. Məişətimizdən kitab götürülüb. O gün bizim binanın həyətində kitab oxuyan bir qız gördüm, az qaldım sevincimdən ağlayım. Qatarlarda, avtobuslarda, parklarda bu cür kitab nöqtələri təsis edilməlidir. Çünki kitabsız cəmiyyətin sonu fəlakətdir”.
Yazar Cəlil Cavanşir də hesab edir ki, nəticəsindən asılı olmayaraq ədəbiyyat və mütaliə yönündə irəli sürülən bütün təşəbbüslər diqqətəlayiqdir: 

“Hər birimizin borcudur ki, gəncliyimizin gələcəyi naminə belə gözəl işlər görək. Mütaliənin stimullaşdırılması üçün atılan bütün addımları hər zaman alqışlamışam, bacardığım qədər dəstək olmuşam. Yaşadığımız dövr o qədər qarışıqdır ki, gələcəklə bağlı hamımız narahat olmalıyıq. Xüsusilə ziyalılar, düşünən insanlar narahatlıq keçirməklə qalmayıb, müəyyən addımlar atmalıdır. Xırdalanda gənclər üçün belə gözəl bir addım atılıb, alqışlayıram. İnanıram ki, gənclər həkimimizin bu gözəl addımını layiqincə dəyərləndirəcək. Son vaxtlar mütaliəyə, kitaba maraq müsbətə doğru dəyişir. İnanıram ki, bu cür təşəbbüslər çoxalacaq və gənc nəslin kitaba marağı arzuolunan səviyyəyə çatacaq”.