Psixoloji pozuntuların səbəbi nədir?  - Psixoloq

Elnur Rüstəmov: "Modern cəmiyyətin xəstəliyi olaraq ifadə olunan stress, əslində gündəlik həyatın bir hissəsidir"


ABŞ alimlərinin genişmiqyaslı araşdırmasında dünyanın yarısının 75 yaşına qədər ruhi sağlamlığını itirəcəyi, xüsusilə qadınların narahatlıq pozuqluğu səbəbiylə təhlükə altında olduğu açıqlanıb.
Araşdırmada 29 ölkədən 156 min şəxsin və Ümumdünya Səhiyyə Təşkilatının 20 illik məlumatlarından istifadə edilib. İki nəfərdən birinin qocalığa qədər ən azı bir psixi sağlamlıq pozğunluğu ola biləcəyi proqnozlaşdırılıb.
Həyatboyu ruhi xəstəlik inkişaf riski kişi iştirakçılar üçün 46 faiz, qadınlarda isə 53 faiz təşkil edib. Xüsusilə qadınların travma sonrası stress pozğunluğu üçün böyük risk altında olduğu bildirilib. Kişilər daha çox alkoqoldan sui-istifadə edirlər.
Böyük depressiv pozğunluq nisbəti hər iki cinsdə eyni dərəcədə yayılıb. Son bir neçə ildə ABŞ-də ruhi xəstəlik nisbətləri artıb və bu prosesdə intiharların sayı 45,900-dən 48,000-ə çatıb.
"Lancet Psychiatry" jurnalında dərc olunan araşdırma haqqında danışan professor Con Makqrat "Ən çox rast gəlinən psixi sağlamlıq pozğunluqları böyük depressiya və ya narahatlıq çıxdı. Qadınların həyatları boyu narahatlıq pozğunluğuna sahib olma ehtimalı kişilərə nisbətən daha çox görünür".
ABŞ-də son illərdə psixi sağlamlıq pozğunluqlarının nisbətinin artması pandemiya zamanı təcrid və izolasiya dövründə daha da artıb. Amerikada ən çox gənclərə təsir edən bu virus dövrü fərdləri tənhalığa sürükləyib və onların sosial bağlar qura bilməməsinə səbəb olub.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanın yaşadığı həyat boyunca psixi ruhi sağlamlığı, fiziki sağlamlığı qədər önəmlidir və hər ikisi bir yerdə vəhdət təşkil edir.
Psixoloq deyib ki, insanın təkcə xəstəliklərə tutulmaması, bədəncə sağlam olması onun sağlam olmasına dəlalət etmir. Bədənin sağlam olması ilə yanaşı ruhi tarazlığı yerində olmalı və sosial yöndən yaxşı təmin olunmalıdır:

 “Psixi sağlamlıq insanın özü və ətrafı ilə harmoniya vəziyyəti kimi müəyyən edilə bilər. Bu sahədə ən çox rast gəlinən problem psixoloji pozuntuların dəli olmaq, ruhi xəstəlik kimi yanlış adlarla çağırılmasıdır. Psixoloji pozuntular hər hansı bir orqanımızın xəstələnməsi ilə eynidir. Beynimizin kimyasının pozulması ilə başlayır.
Emosional olaraq yaşanan duyğuların və davranışların rasional və ya irrasional olması və ya bir pozuntunun əlaməti olmasını müəyyən etmək həmişə mümkün olmaya bilər. Ancaq psixi sağlamlığın normal olub-olmadığını müəyyən edən bəzi xüsusiyyətlər var. Sağlam (rasional) duyğuları, sağlam (rasional) düşüncələrin müəyyən edilməsi ilə təyin etmək olar”.
E.Rüstəmovun fikrincə, modern cəmiyyətin xəstəliyi olaraq ifadə olunan stress, əslində gündəlik həyatın bir hissəsidir: “Hazırda bir çox insan, fərqinə varmasa belə ağır stress yükünə sahibdir. Həyatımızdakı müsbət, yaxud mənfi baş verən bütün zehni dəyişikliklər stressli vəziyyətlərdən qaynaqlanır. Rutin həyatımızdakı dəyişikliyə səbəb olan hər bir proses stress yaradan faktorlardandır. Hər gün şahid olduğumuz anlaşılmazlıqlar və konfliktlər mütəmadi şəkildə stress yaşamamıza səbəb olur.
 Stress onların davranışlarına, başqa insanlarla münasibətlərinə təsir göstərən anlayışdır. Stress səbəbsiz yaranan narahatlıq deyil. Yaranması üçün müəyyən faktorlar olmalı, bütün həyat keyfiyyətlərinə mənfi istiqamətdə təsir göstərməlidir”.