Həşərat dərmanlarının insana zərəri -  Terapevt

Sumqayıtda 13 nəfər birə dərmanından zəhərlənib

"Dərman həşəratları necə öldürürsə, insanın sinir sisteminə də eyni cür təsir göstərir"

Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb. TƏBİB-dən “Sherg.az"a verilən məlumata görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir, sexə birəyə qarşı vurulan dərmandan zəhərləniblər. Qeyd olunub ki, onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirirlər. Vəziyyətləri qənaətbəxşdir, həyati təhlükələri yoxdur.
Terapevt Xəyalə Rzayeva isə “Sherg.az"a açıqlamasında deyib ki, istifadə qaydalarına riayət etdikdə, həşəratlar əleyhinə olan dərmanlar insan orqanizminə bir o qədər də zərərli təsir göstərmir. Lakin bu dərmanlar düzgün istifadə edilmədikdə, müəyyən ərazidə həddindən artıq istifadə olunduqda orqanizmə xeyli mənfi təsir göstərir: “Dərmanların tərkibində ziyanlı maddələr, xüsusən də, fosfor birləşmələri mövcuddur. Həşərat dərmanlarından zəhərlənmə zamanı ürəkbulanma, mədə ağrıları, halsızlıq, iştahsızlıq, müxtəlif dəri səpkiləri müşahidə olunur. Dərmanlar sinir sisteminə toksiki təsir göstərdikdə isə yuxululuq və yaxud da ayıqlıq (ajiotaj) baş verir. Bundan başqa, zəhərlənən insanın orqanizmində əzələ ağrıları da yaranır. Bəzən ağır reaksiyalar hətta qıcolmaya qədər gətirib çıxara bilir. Həşərat dərmanlarının tərkibində sinir sisteminə mənfi təsir göstərən maddələr var. Dərman həşəratları necə öldürürsə, insanın sinir sisteminə də eyni cür təsir göstərir. Həşərat əleyhinə dərman işlədirsənsə, onunla birbaşa kontaktdan uzaq olmalısan. Xüsusən də, allergiyası olan şəxslər həmin dərmanların qoxusundan boğula bilər. Onlar olan yerdə ağcaqanad, həşərat öldürən dərman vasitələrindən istifadə etmək olmaz”.