Zəlzələ xəbərdarlığını ölkədə iki qurum etməlidir

Osman Gündüz: "Azərbaycan, bəlkə də yeganə ölkələrdən ola bilər ki, "112 Mobil Xilasedici" resursu yoxdur"

Fərid Kazımov: "Hesab edirəm ki, tezliklə FHN də sözügedən sistemin tətbiqini reallaşdırmalıdır"

"Google" yenidən Azərbaycan vətəndaşlarına "zəlzələ xəbərdarlığı" mesajı göndərib.
Dünən səhər 5:37 radələrində Bakıdan 176 mil məsafədə 5,9 bal gücündə zəlzələnin baş verməsi ilə bağlı "Android" cihazlara bildiriş daxil olub. Bir çox istifadəçi məsafəyə baxmadan təşvişə qapılıb. Lakin zəlzələ Azərbaycanda hiss edilməyib. Zəlzələ Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə baş verib.
“Google” seysmoloji məlumatı Xəzəryanı bölgə olduğu üçün hər ehtimala qarşı göndərib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, telefonlara gələn zəlzələ xəbərdarlığı ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə deyib ki, bu tip xəbərdarlıq sistemini Seysmoloji Xidmətin dataları əsasında FHN icra etməlidir.

Reallıq isə ondan ibarətdir ki, FHN-in vəzifələrini "Google" icra edir. "Google" bu dataları beynəlxalq resurslardan əldə etməklə saniyələr öncə "Android" istifadəçilərə yönəldir. İndi görünən odur ki, "Google" FHN və seysmoloji xidmətimizlə dirəşib ki, bəlkə onlar bu xəbərdarlıq sistemini qurarlar: “Xatırladım ki, Azərbaycan bəlkə də yeganə ölkələrdən ola bilər ki, "112 Mobil Xilasedici" resursu yoxdur. "112 Mobil Xilasedici" daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur. Nəhəng resurslara malik olan FHN dəfələrlə cəhd etsə də, bu faydalı mobil xəbərdarlıq və ilkin yardım sistemini ortaya çıxara bilməyib. Çox təəssüfləndirici bir vəziyyətdir.
Ümid edək, bəlkə də "Google" bir-iki dəfə də belə xəbərdarlıq mesajları versə, FHN və Seysmoloji Xidmət nəhayət ki, belə bir mobil xəbərdarlıq sistemini qura biləcəklər".
İKT eksperti Fərid Kazımov isə “Sherg.az"a açıqlamasında sözügedən resursun FHN tərəfindən sifariş olunaraq hazırlanması və istifadəyə veriləcəyi ilə bağlı məlumatlardan xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, "112 Zəng xidməti" bütün Avropa ölkələrində, qonşu ölkələrdə fövqəladə hallarda yardım üçün qəbul edilmiş vahid nömrədir və bütün ölkələrdə mobil versiyası aktivdir. Yəni təkcə zəlzələ yox, yanğın, torpaq sürüşməsi, daşqın və s. kimi təbiət hadisələri barədə də vətəndaşlar məlumatlandırılır.
Amma geniş resurslara və İT imkanlara malik olan bu dövlət qurumu niyə indiyədək bu tətbiqi hazırlayıb istifadəyə verməyib, bu barədə açıqlama verməlidir. “Google”nin Türkmənistanda baş verən zəlzələ ilə bağlı Azərbaycana bildiriş göndərib əhalini təşvişə salmasına gəldikdə isə F.Kazımov deyib ki, qlobal formatda xidmət göstərən servislərin lokallaşması istiqamətində ciddi işlər görülür. Çox güman ki, “Google”nin yeni servislərini pilot formada sınaqdan keçirirlər. Yəqin ki, yaxın vaxtlarda "Google" bu xidmətini təkmilləşdirəcək və təhlükə xəbərdarlıqları konkret regiona göndəriləcək. O zaman Türkmənistanda, ya da başqa bir Xəzəryanı bölgədə gözlənilən zəlzələ xəbərdarlığı Azərbaycan vətəndaşlarına yox, yalnız zəlzələnin qeydə alınacağı ərazidə yaşayan insanlara göndəriləcək.
Gözlənilən hər hansı bir fövqəladə hadisə barədə insanların əvvəlcədən məlumat alması onların təhlükəsizliyi baxımından uğurlu xidmətdir. Hesab edirəm ki, tezliklə FHN də sözügedən sistemin tətbiqini reallaşdırmalıdır. Təbii ki, o zaman məlumatlar konkret rayona və şəhərə uyğun kodlaşdırılacaq və Bakıda gözlənilən hadisə zamanı sadəcə ora yaşayan insanlara xəbərdarlıq gedəcək. Eyni zamanda burada vətəndaşların "Ayfon", yaxud "Android" istifadəçisi olması heç bir əhəmiyyət daşımamalıdır. Bildiriş bütün telefonlara SMS vasitəsilə göndərilməlidir. Ümid edirəm ki, FHN özü bu tətbiqin formatı barədə ictimaiyyəti məlumatlandıracaq”.