Dənizdə batmanın səbəbi nə zəlzələ, nə də dalğadır  - Ekspert

Ənvər Əliyev: "Çimərlikdə qeydə alınan boğulma faktının arxasında birbaşa insan səhlənkarlığı durur"

Son günlər yenə dənizdə boğulma hallarında artım müşahidə edilir. Bu da havaların hədsiz isti keçməsi ilə bağlı dənizə gedənlərin sayının artması ilə əlaqələndirilir. Təəssüf ki, dənizə gedən vətəndaşların  ehtiyatsızlığı səbəbindən hər gün bir, hətta bir neçə nəfərin çimərlikdə boğulması barədə xəbərlər alırıq. Bəzən gənclərin boğulmasını onların "eqo”su ilə əlaqələndirirlər ki, üzə bilmədikləri halda özlərini ətrafdakı insanlara sübut etmək üçün dərin sulara baş vururlar.

Amma üzməyi bacaran insanların dənizdə boğulması  sensasion iddiaları ortaya çıxarır. Çimərlikdə çalışan dalğıcların dənizdə çimən vətəndaşları batıraraq suyun altında bir yerə bağladıqları, daha sonra isə meyiti qohumlarına satdıqları barədə məlumatlara hər il çimərlik mövsümündə rast gəlinir.

Digər ehtimal isə son zamanlar Xəzərdə qeydə alınan zəlzələlərin dənizin dibində çuxurlar əmələ gətirməsidir. Təhlükəsizlik ekspertləri dalğıcların bilərəkdən üzən şəxsi suda boğması kimi iddiaları absurd hesab edirlər. Onların fikrincə, dalğıcın üzən şəxsi suyun altına çəkib bağlaması, sonra meyitini pul müqabilində yaxınlarına satması əsası olmayan şayiələrdir. 

Zəlzələlərdən sonra dənizdə yaranan çuxurlara görə son zamanlar dənizdə batmaların artdığına dair fikirlərə münasibət bildirən seysmoloq Ənvər Əliyev isə “Sherg.az"a açıqlamsında deyib ki, dənizdə boğulmaların, batmaların artmasına bəhanə gətirmək lazım deyil. Bu hadisələrin zəlzələ ilə heç bir əlaqəsi yoxdur: 

“Zəlzələdən əvvəl də Xəzərdə batanlar çox olurdu. Səbəb isə birmənalı səhlənkarlıqdır. İnstitut müəllimlərindən biri ilə dənizə getmişdim. Külək əsən kimi dənizdən sahilə çıxdım. Həmin adam da mənlə mübahisə elədi ki, külək bizə nə edəcək, çıxmıram. Bir az keçmişdi ki, gördük batır, birtəhər sudan çıxartdıq. Ondan sonra üzməyi bacarmayan, təsadüfi adamlarla dənizə getmirəm. Suyla zarafat eləmək olmaz axı. Allahın gölməçəsində üzməyi bacarmayan, vannaya belə girə bilməyən adamlar gedib Xəzərdə çimir. Halbuki dənizdə çimməyin öz qayda-qanunu var. Xüsusən də, küləkli havalarda dənizlə ehtiyatlı olmaq lazımdır. Bir balaca külək belə suda olan adamı 1 metrə qabağa  aparıb 3 metrə geriyə atır. Necə ki meşəni tanımayan adamı gəzməyə aparıb tək buraxsan azır, eləcə də üzməyi bilməyən adam suya kimi batacaq. 

Çox təəssüf ki, Xəzərdə çimməyi oyun bilən insanların məsuliyyətsizliyinin axırı çox pis olur. Bizim də əlimizdən arxasından rəhmət oxumaqdan başqa heç nə gəlmir”. 


Ə.Əliyevin sözlərinə görə, Xəzərdə olan 4-5 ballıq zəlzələləri seysmik cihazlar güclə qeydə alır:

 "O necə dənizin sahilində yarğan, çuxur əmələ gətirə bilər? Zəlzələnin dənizdə yarğan əmələ gətirməsi üçün ən azı 9-10 bal gücündə olmalıdır. 4-5 ballıq təkanlar heç vaxt yer qabığında çatlar əmələ gətirə bilməz, nəinki sahil kənarında çalalar əmələ gətirmək gücündə olsun". 

Seysmoloq onu da deyib ki, dalğaların gücündən asılı olaraq relyef dəyişə bilir. Dənizdə nə torpaq, nə daş qatı var. Sadəcə qum var:

 “Güclü küləkdə isə şelf zonanın relyefində dəyişiklik baş verə, qum kütləsi yerini dəyişə bilər. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Dalğalardan əmələ gələn çalalar, burulğanlar dənizin sahil hissəsinə gedib-gəlir, oranın dibini yumağa başlayır. Yəni sahildə suya girən adamın qəfil ayağının dərinə düşməsi bununla bağlıdır. Birdən olur ki, sahilin 20-30 sm, bəzən yarım metr hissəsində qum yoxdur. Bu isə heç bir halda sahildə gəzən adamların boğulması üçün əsas deyil. Həm xeyli vaxtdır Bakıda küləksiz hava şəraiti qeydə alınır. Həm də ki, son illər Xəzərin suyu xeyli geri çəkilib və sahildə dayazlıq hiss olunur. Deməli, çimərlikdə qeydə alınan boğulma faktının arxasında birbaşa insan səhlənkarlığı durur. Nə zəlzələ, nə dalğa, nə də şelf zonaların relyefi bunun bəhanəsi ola bilər. Küləkli havada dənizdə çimmək xəbərdarlığına rəğmən insanlar sudan çıxmırsa, burada dalğanın nə günahı var? Ağlı başında olan adam bilməlidir ki, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Üzə bilməyənlər isə ümumiyyətlə sahildən uzaqlaşmamalıdır. Dənizdə boğulmaların azalmasının bundan başqa yolu yoxdur”.