Dəniz sahilində çal-çağır sakinləri narahat edir

Professor da dilə gəldi

Sosioloq Əhməd Qəşəmoğlu: “Bu obyektlərə lisenziya veriləndə onların qarşısına tələblər qoyulmalıdır”
 
 Bakıda fəaliyyət göstərən bəzi restoranların gecə saatlarında açıq havada çal-çağır təşkil etməsi sakinləri narahat edir.

  Xüsusən də yay aylarında dənizkənarı istirahət mərkəzlərindən ətrafa yayılan səs-küy Bakı kəndlərində yaşayan insanların yuxusuna haram qatır.
 
 “Gecə saat 12.00-1.00-in yarısıdır. Normal cəmiyyətlərdə, elə bizimkilər də normal cəmiyyət olmağa iddialıdırlar, Avropa ölkələrində, bu vaxtlar, xüsusən də iş günlərində, artıq istirahət saatlarının başlanğıcı deməkdir. Yəni insanlar yatırlar, uşaqlar, kiçik yaşlılar yatmalıdırlar... Amma görək Novxanıda, Novxanı bağlar massivində nələr baş verir?”.

  Sosial mediada paylaşılan bu sözlər filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin (BSU) müəllimi Telman Cəfərova aiddir.
  
O, bildirib ki, saat 12.00-də atəşfəşanlıq başlayır, ad günü olanlar partapartlarını saat 01.00-2.00-dək davam etdirirlər: “Niyam başda olmaqla, bütün sahil boyu çal-çağır saat 4.00-dək davam edir (bu da Novxanının dörd bir yerini başına götürür).

  Görəsən, saat 12.00-dək, 1.00-dək, 2.00-dək, 3.00-dək, 4.00-dək açıq məkanda (restoranlarda) kef çəkib, qışqıranlar, musiqi sifariş verənlər, bəzən 10-15 dəqiqə partapart salanlar, restoran işlədənlər bu bağ massivində yaşayan insanların həyatını cəhənnəmə çevirdikləri barədə nə vaxt düşünəcəklər?

  Doğrudanmı ad günü keçirmək ancaq səhərədək qışqırmaqla yadda qalmalıdır?
 
 Bu səviyyədə kütləvi psixoz nə vaxt bizi düşündürəcək?

Mən və 20 nəfərədək qonşum artıq 5-ci ildir ki, hər yayımızı polisə, məhkəməyə, ekologiyaya müraciətlərdə keçiririk...
  
Görünən odur ki, ictimai şüur zəif olduğu kimi, ictimai qınaq da yoxdur, hüquq-mühafizə, icra, bələdiyyə orqanları bu işə ciddi yanaşmırlar, mətbuat və sosial mediada bu məsələyə toxunulmur, burada nizam-intizam yaratmaq üçün qanunvericilik bazası operativ müdaxiləyə imkan vermir.

Bir şeyi anlamaq hər şeydən vacibdir: belə getsə, biz hələ uzun müddət bər-bəzəkli, dəbdəbəli görünə və geyinə, maşınlarda gəzə biləcəyik, istirahət yerləri yaradaraq, çoxlu qışqırıb, çoxlu pul qazana biləcəyik, amma normal, mədəni insan adını daşıya bilməyəcəyik. Avropa dediyimiz yerlərdən gələn qonaqlarımız bu səs-küyü, zibillikləri görüb, bizə yenə də "barbar" damğası vuracaqlar...
 
 Nə edəsən, biz də beləyik: elektronlaşdıq, nağdsız əməliyyatlara, onlayn növbələrə öyrəşdik, on minlərlə gəncimiz Avropada, Amerikada oxuyub qayıtdı, kəndlərə qaz, asfalt saldıq (100 faizə çatdırmaq istəyirik), dünya ədəbiyyatını dilimizə çevirdik, poliqlot olduq, adamlarımız pullandı, dünyanı gəzib-dolaşdı, Türkiyədə, Avropada evlər alıb avropalı oldu,.. heyif ki, mahiyyətcə, insaniyyət və mədəni səviyyəcə dəyişməyə hələ ki, qərar verə bilmirik”.

Sosioloq Əhməd Qəşəmoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, bu obyektlərə lisenziya veriləndə onların qarşısına tələblər qoyulmalıdır. Səsin başqa insanları narahat etməməsi üçün ciddi izolyasiya işləri aparılmalıdır. Pəncərələri, tavanları, divarları xüsusi səs keçirməyən materiallarla təmir edib, musiqinin həmin məkandan kənara çıxmasının qarşısını almaq lazımdır: 

“Burada sosial və psixoloji faktorlar böyük rol oynayır. Hər kəs bilir ki, səs-küy mədəniyyətin göstəricisi deyil. "O xalq, o insan daha mədəni sayıla bilər ki, davranışı ilə başqalarını narahat etməsin. Bu cür yüksək səs diapazonunun qarşısını almaq üçün inzibati yollarla qadağalar qoyulmasını məqsədəuyğun hesab edirəm. Hər hansısa bir davranışa üç mühüm amil təsir edir. Bunlardan biri mühit, ikincisi alınan informasiya, üçüncüsü isə üstünlük verilən dəyərlərdir. Biz iaşə obyektlərindəki həmin davranış qaydasını tənzimləmək istəyiriksə, "bu cür yüksək səslə musiqiyə qulaq asmağa mühitin nə kimi təsiri var” sualına cavab tapmalıyıq. Bunu bildikdən sonra həmin faktoru aradan qaldırmalıyıq. Digər bir tərəfdən məlumatlandırma işi aparılmalıdır. KİV-də insanları narahat edə biləcək bu kimi davranışlar tənqid edilməlidir. Restoran və kafelərdəki musiqinin insanları nə dərəcədə narahat etdiyini əyani olaraq göstərmək lazımdır. İnsanların üstünlük verdiyi dəyərlər də burada böyük rol oynayır. Belə deyərdim ki, mənəvi dəyərləri üstün tutanlar yüksək səslə danışmağı, musiqiyə qulaq asmağı sevmirlər. Çox səs-küy edənlər isə adətən, maddi dəyərlərə üstünlük verənlər, dəbdəbəni, şöhrətpərəstliyi sevənlərdir. Bu da cəhalətin əlamətidir”.