Qadınlar daha emosional olur

Ona görə depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir
  
Dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir. İnsanların davranışlarında, hisslərində dəyişikliyə səbəb olan psixi pozğunluq daha çox qadınlarda müşahidə olunur. BŞ alimlərinin genişmiqyaslı araşdırmasında dünyanın yarısının 75 yaşına qədər ruhi sağlamlığını itirəcəyi, xüsusilə qadınların travma sonrası stress pozğunluğu üçün böyük risk altında olduğu bildirilib.
  
Ahəng psixologiya reabilitasiya inkişaf mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova isə “Sherg.az"a açıqlamasında deyib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır:

 “COVİD-19 pandemiyası ilə əlaqədar elan olunan uzunmüddətli karantin rejimindən sonra insanların psixi sağlamlığında ciddi pozuntular yaranıb. Pandemiyadan əvvəl insanlarda ölüm, itirmək qorxusu bu qədər çox deyildi. İndi isə panik atak və obsesiv pozuntulardan şikayət edən insanların sayı həddindən artıqdır. Əksəriyyət hər an özünə və ya doğmalarından birinə nəsə olacaqmış kimi təşviş yaşayır”.
  Psixoloqun sözlərinə görə, ildən-ilə ruhi sağlamlığını itirən insanların artmasının digər səbəbi isə yediyimiz keyfiyyətsiz qidalar, içdiyimiz sular, havanın çirklənməsidir. Sözsüz ki, cəmiyyətdəki sosial faktorlar da mühüm əhəmiyyət kəsb edir: “Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stres vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Dünyada baş verən müharibələr, qlobal iqtisadi böhranlar, qlobal gərginlik psixologiyamıza mənfi təsir edir. Təhsilin səviyyəsinin aşağı düşməsi, uşaqların kitaba yox, internetə maraq salması son illərin ən böyük bəlasıdır. İradəsi zəif olan uşaqlar internet vasitəsilə bir- birinə zərərli vərdişləri aşılayırlar. İnsanların, xüsusən də uşaqların psixi sağlamlıq durumuna təsir göstərən vasitələr arasında internet oyunlarının da rolu az deyil”.
  V.Əmiraslanova qeyd edib ki, qadınlar emosional olduğundan psixi pozuntulara daha çox məruz qalırlar. Xüsusən də depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Qadınların depressiv vəziyyəti də ailə üzvlərinin psixoloji durumuna ciddi təhlükə yaradır.