"WhatsApp"la bağlı ŞİKAYƏTLƏR: Ölkədə nə baş verir?!

  Azərbaycanda bir neçə vatsap istifadəçisinin hesabı bağlanıb.
  Vətəndaşlara başqa cihazlarda hesaba daxil olmaq üçün bildirişlər gəlsə də, 6 rəqəmli təsdiqləmə kodu gəlmir. Buna görə də bəzi hallarda vatsap hesabları bağlanır və ya bloka düşür.
  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilib ki, son zamanlar kütləvi şəkildə vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir: “Elektron Təhlükəsizlik Xidməti tərəfindən qeyd olunan məsələ ilə əlaqədar aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır.
  Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırıb”.
  Texno-bloger Fərid Pərdəşünas isə deyib ki, bu hal artıq 10 gündən çoxdur müşahidə edilir və şikayətçilərin sayı da hər gün daha çox artır: 

“Neçə gündür Azərbaycanda kütləvi şəkildə vatsap hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar isə nömrəyə gəlmir. İkimərhələli təsdiqləmə işləmir. Hazırda problemin tək Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. "WhatsApp"la əlaqədəyik, normal açıqlama vermirlər. Ölkədə nəsə baş verir. Elektron Təhlükəsizlik Xidməti də məsələ ilə bağlı açıqlama yayıb ki, OTP kodlar ələ keçirilib və bu beynəlxalq SMS daşıyıcıları səviyyəsində olub. Hazırda müvafiq qurumlarla birgə araşdırma gedir.
  Ehtimal edirəm ki, kodları ələ keçirənlər də həmin hesablarda ikimərhələli təsdiqi aktivləşdiriblər. Və aktivləşdirdikdən sonra da hesabın əsl sahibləri hesablarına daxil ola bilmir. Təcili şəkildə hesablarınızda ikimərhələli təsdiqi aktivləşdirmək tələb olunur”.