Nə banka etibar var, nə də əmlaka...

Azərbaycanda “pul-pul gətirməlidir” prinsipi işləmir

“Ümid qalır əlində olan vəsaiti xarici ölkə banklarına qoymaq və ya qızıl almaq. Qızılı heç olmasa son anda lom kimi satmaq olur”

  Qızıl günü-gündən bahalaşır. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,31 faiz artaraq, 1,931.90 ABŞ dollarına bərabər olub. Bu xəbər isə qızıl sevərlər üçün sevindirici haldır. Beynəlxalq araşdırmalara görə, 2025-ci ilədək əsas ehtiyat (rezerv) valyuta kimi ABŞ dollarına inam məhv olacaq, qızıl, gümüş və rəqəmsal aktivlər kəskin şəkildə bahalaşacaq.
  Deməli, qızıla boşuna “tanrıların pulu” demirlər. Qızıl torpaqdan sonra ən dəyərli aktiv hesab edilir. Ona görə də vəsaitlərin qızılla saxlanılması dünya ölkələrində geniş yayılıb. Cəmiyyətin qızıla maraq göstərdiyi ölkələrdə banklar vətəndaşlara cari və depozit hesablar kimi, qızıl hesabları da yaradırlar. Belə banklar vətəndaşların qızıl külçələrini xüsusi anbarlarda saxlayırlar. Azərbaycan vətəndaşları isə qızılı daha çox zinət əşyası kimi alıb-saxlamağa üstünlük verirlər.
  Ekspertlər isə hesab edir ki,istənilən yatırımı etməzdən əvvəl onun gəlirliliyinə baxmaq lazımdır. Məsələn, əmlak alıb icarəyə verən şəxs ildə təxminən 2-5 faiz, banklara manatla əmanət qoyan şəxs isə manatla təxminən 8-9 faiz, dollarla 1-2 faiz gəlir əldə edir. Amma qızıl vəsaitlərin saxlanılması bütün dövrlərin ən etibarlı vasitəsidir. Sadəcə, qısamüddətli yığımlar üçün sərfəli deyil.
  İqtisadçı-ekspert Rauf Qarayev isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda “pul-pul gətirməlidir” prinsipi işləmir. Onun fikrincə, hazırda ölkəmizdə daşınmaz əmlak və banka qoyulan pul rentabelli deyil: 

“Əmlak satılan zaman və icarəyə verilən zaman vergi verməlisən və gəlir burada cüzi faizdir. Bundan əlavə, mənzil plana düşəndə bazar qiymətindən aşağı qiymət təklif olunur və vətəndaşlar istədikləri pulu ala bilmir. Banklara qoyulan depozitlərin etibarlılığı təmin edilsə, bu variant daha gəlirlidir. Bu zaman pullar həm inflyasiya baxımından sığortalanmış olur, həm də üzərinə əlavə gəlir gətirir.
  Lakin son qeydlər onu göstərir ki, banklara ümid artsa da, bağlanan banklardan qoyulan vəsaiti almaq üçün məhkəmələrdə illərini itirməlisən. Vaxt itkisindən sonra qoyduğun vəsaitin tam həcmində geri qaytarılmasına təminat yoxdur. Müəyyən hallarda isə depozitə qoyulan pul ümumilikdə itirilir. Bu baxımdan ümid qalır əlində olan vəsaiti xarici ölkə banklarına qoymaq və ya qızıl almaq. Qızılı heç olmasa son anda lom kimi satmaq olur. Amma bu da passiv yatırım hesab olunur. Bu, vəsaiti inflyasiyadan və digər bazar sarsıntılarından qorumağa imkan verəcək. Lakin heç bir gəlir gətirməyərək əldə olunmuş dəyərli əşyaların timsalında passiv kimi qalacaq. Xaricdə isə banklara etibar var. Bu baxımdan vətəndaş bəzi hallarda oranı seçir. Beləliklə, ölkə bankları depozitə vəsait cəlb edə bilmir. Bu isə yaxşı hal deyil.
  Lakin ölkədən çıxan valyuta ehtiyatları dövlət orqanları tərəfindən qeydə alındığından hər adam xarici banklara pul yatıra bilmir. Rentabellik baxımından ən yaxşı variant qızıl alıb saxlamaqdır. Qızıl hər zaman güvənli maliyyə aləti hesab olunur. Dünyada proseslər mənfi məcrada hərəkət edəndə və qlobal risklər artanda qızılın qiymətinin artdığını müşahidə edirik. Bu istiqamətdə qızıl daha uzunmüddətli və daha güvənli alət olduğu üçün investorların bura yönəlməsində maraqlı olduqlarını düşünürük".
  R.Qarayevin sözlərinə görə, ölkə daxilində edilən yatırımların sərfəli olması üçün qanunvericilikdə müəyyən sərtləşdirmə olmalıdır.
  Ekspert həmçinin qeyd edib ki, elmə yönələn vəsait də heç vaxt itmir: “Məsləhət görərdim, insanlar özünün şəxsi inkişafına xeyli vəsait xərcləsinlər, texnoloji biliklərə sahiblənsinlər. Daha çox yığımı olan şəxslər texnoloji mərkəzlər açaraq xaricdən mütəxəssis cəlb etməklə kibernetika sahəsində kadrların hazırlanmasına nail ola bilər. Bu, həm onun gəlirlərini artırar, həm də ölkədə İKT üzrə kadr çatışmazlığına müsbət töhfə olar”.