Dəhşət: “TikTok”da qadın alveri! - Qiyməti də deyirlər...

Vəziyyət o həddə çatıb ki, hətta bu platformanın bağlanmasını tələb edənlər də var

  ““TikTok"da bütün Azərbaycan xalqının gözünün qabağında nəhəng bir əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Bu bazarı bağlamaq kimin işidir, bilmirəm, amma tədbir görmək vacibdir, çünki vəziyyət həqiqətən də biabırçılıqdır”. Bu sözləri sosial media hesabında AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib.
  Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hesab edir ki, "TikTok" açıq şəbəkədir, şikayət edilsə, deyəcəklər ki, istəmirsinizsə, baxmayın. Düşünürəm, daha çox ziyalı təbəqənin “TikTok”dan istifadə etməsinə çalışmalıyıq ki, bu sosial platformanın istiqamətini dəyişsinlər. “TikTok”u bağlamaq olmaz, dünya bizə gülər. Sadəcə, zərərsizləşdirməliyik. Məsələn, yaponlar, koreyalılar “TikTok”da öz mətbəxlərini təbliğ edirlər. Bizimkilər də Azərbaycanın milli mətbəxini təbliğ edə bilərlər. Ziyalılar öz sözlərini deməli, ailə, namus, Azərbaycanın milli adət-ənənələri məsələsini qaldırmalıdırlar. Professorlar girib “TikTok”da ailə dəyərlərindən danışsınlar. Köhnə dövrlərdə nümunə olan xanımlarımızı, rayonları, orada çalışan zəhmətkeş xanımlarımızı göstərsinlər. “TikTok”da bunu edə bilərik. Cəmiyyət dəyişsə, “TikTok”u da dəyişə bilərik. Tanınmışların çoxu deyir ki, “TikTok” dəlixanadır, ora girmək olmur. Qadın alverinə qarşı çox işlər görmüşük. İndi isə baxıram ki, “TikTok”da tam qadın alveri gedir, qiyməti deyirlər... Dəhşətdir!”
  N.Cəfəroğlu deyib ki, hüquq-mühafizə orqanları “TikTok”da insan alveri ilə məşğul olanları nəzarətə götürə, xəbərdarlıq edə bilər: “Bəli, bu məsələyə qarışa bilərlər. Birinci dəfə həbs yox, böyük cərimələr qoya bilərlər. Görək cərimədən sonra yenə elə şeylərlə canlıya çıxa biləcəklər?”
  “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə “Sherg.az"a açıqlamasında “TikTok”da baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib:

“Azərbaycanda sosial şəbəkələr sürətlə enerji qəbiristanlığına çevrilir. İnsanlar burda nəinki vaxtlarını, həm də sağlamlıqlarını itirirlər. Buna səbəb sosial platformada qeyri-sağlam mühitin hökm sürməsidir. Hazırda sosial şəbəkələr Azərbaycan cəmiyyətinin tərəqqisinə heç bir müsbət töhfə verə bilmir, əksinə, vulqarlığın "çiçəklənməsinə" xidmət edir.
  “TikTok” ölkədə ən çox şikayətlərin olduğu platforma sayılır. Vəziyyət o həddə çatıb ki, hətta bu platformanın bağlanmasını tələb edənlər də var. Bu gün "TikTok"da nəinki peşəkarlıqdan danışmaq mümkün deyil, adi etiket qaydalarına əməl olunmadığını da deyə bilərik. Bu platformada hər ağızdan bir avaz eşidilir. Söyüş, təhqir, qarğış adi hərəkət sayılır. İş o yerə çatıb ki, adamın qadın deməyə utandığı bəzi məxluqlar özlərini açıq satışa çıxarıblar. Niyə bu adamlar haqda tədbir görülmür?
  Mən azad sözün, fikir və ifadə azadlığının tərəfdarıyam. Amma söyüşün, yalan və böhtanın, əxlaqsızlığın insan hüquq və azadlıqları ilə heç bir əlaqəsi yoxdur. Bu cür mənfi davranışlar cəmiyyəti yaralayır, pis tendensiyaların əsasını qoyur. Hesab edirəm ki, bu adamlara qanunların sərt üzünü göstərməyin vaxtı çatıb. Ailə tərbiyəsi görməyənləri qanuni yolla tərbiyələndirmək lazımdır”.