İraq vətəndaşı ilə evləndi, işə düşdü - Araşdırılmalıdır!

Azərbaycanlı qadın 4 qız ilə Türkiyədə köməksiz vəziyyətdədir

“Xanımın hazırda hansı ölkənin vətəndaşı olduğu araşdırılmalıdır. Əgər İraq vətəndaşlığı alıbsa, İraq hökuməti də öz dəstəyini göstərməlidir”

  44 yaşlı azərbaycanlı qadın Könül Hüseyn 4 qız övladı ilə birlikdə Türkiyədə köməksiz vəziyyətdə qalıb. Belə ki, K.Hüseynin həyat yoldaşı, İraq vətəndaşı Husseyn Al Kamal ailəni tərk edib. Qadın 4 uşağı ilə gecələri küçədə keçirməyə məcbur olur. Özünün və uşaqlarının sənəd problemi olduğu üçün Azərbaycana qayıda bilmir.
  Çarəsiz durumda olan Könül Hüseyn sənəd məsələsi və müvəqqəti sığınacaq üçün Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi vasitəsilə kömək istəmişdi.
  Mərkəz məsələni ictimailəşdirdikdən sonra Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məsələnin nəzarətə götürüldüyünü, ailənin müvəqqəti yaşayış yeri ilə təmin olunduğunu və onların Vətənə dönüşü üçün sənədlərinin qaydaya salınacağını deyib.
  Lakin yenidən Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi ilə əlaqə saxlayan Könül Hüseyn hazırda uşaqları ilə qaldığı evdən çıxmaq məcburiyyətində olduğunu bildirib: "Çünki bu evi mən uşaqlarla çöldə qalmayım deyə verdilər. Evin sahibi dedi ki, gecədir, istəmirəm küçədə qalasınız, amma təcili ev tapın. Dünən də gəlmişdi ki, bu həftənin cümə günü evdən çıxın. Konsulluqdan hələ ki, xəbər yoxdur. Sənədlərimi sorğuya göndəriblər. Dedilər ki, ancaq 2 aya cavab ala bilərsiz. Çox çarəsizəm. Uşaqların məktəbə getməsinə də çox az qalıb. Onlar üçün çox üzülürəm".

  "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov isə “Sherg.az”a açıqlamasında deyib ki, xaricdə yaşayan azərbaycanlılar müxtəlif səbəblərdən çıxılmaz duruma düşürlərsə, birmənalı olaraq Xarici İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etməlidir: “Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.
  Mütləq şəkildə Türkiyədəki səfirliyimiz və ya Konsulluq bu xanımın taleyi ilə maraqlanmalı və müxtəlif resurslar vasitəsilə də maksimum dəstək göstərməlidir. Biz müxtəlif ölkələrdə yaşanan təbii fəlakətlər, müharibələr zamanı bu dəstəyin şahidi olmuşuq. Elə ilin əvvəlində qardaş ölkədə baş verən zəlzələ zamanı da Azərbaycan dövləti orada yaşayan azərbaycanlıların təxliyyə olunması, müvəqqəti yerləşdirilməsi kimi məsələlərdə öz dəstəyini əsirgəmədi.
  Konkret olaraq 4 uşağı ilə İstanbulda küçədə qalan xanıma gəldikdə isə onun məsələsi diaspora təşkilatları, müxtəlif xeyriyyə qurumlarının köməyi ilə də öz həllini tapa bilər. Türkiyənin Qızıl Ay qurumuna da müraciət etmək olar. Bu qurum təxminən 2,5 milyondan artıq əcnəbinin öz ərazisində yerləşdirilməsinə nail olub”.
  A.Allahverənovun sözlərinə görə, azərbaycanlı xanımın hazırda hansı ölkənin vətəndaşı olduğu araşdırılmalıdır. Əgər İraq vətəndaşlığı alıbsa, İraq hökuməti də öz dəstəyini göstərməlidir. Bu zaman həmin ailənin düşdüyü çarəsiz vəziyyətdən çıxması daha asan olar.