Qadına şiddətə diqqət etdik, kişilər yaddan çıxdı  - Əhməd Qəşəmoğlu

"20 ildir, mətbuatda cəmiyyətlə bağlı yeni metodların tətbiq edilməsinin vacibliyini vurğulayan yazılar dərc olunur".

Bunu "Sherg.az"a sosioloq Əhməd Qəşəmoğlu son zamanlar yaranan ailədaxili münaqişələrlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, gündən-günə mürəkkəbləşən, dəyişən cəmiyyətdə ailə münasibətlərinin yüksək səviyyədə olması üçün yeni metodlar həyata keçirilməlidir:

"Bu problemin həllini təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə atmaq olmaz. İlk növbədə, humanitar siyasət dəyişməlidir. Aidiyyəti qurumlar hansı işlərin görülməli olduğunu bilmir. Boşananlar arasında müasir tələblərə cavab verən səviyyədə sosioloji araşdırmalar aparılmalı, sorğu keçirilməlidir. "Niyə boşanırlar, ailəni necə qurublar, hansı problemlər ortaya çıxdı, gərginliyi yaradan səbəblər nədir?" kimi suallara cavab tapılmalıdır. Boşananlar, bu işə baxan məhkəmə işçiləri, gərginlik yaşayanlar arasında sorğu keçirmək lazımdır. Sahə müvəkkillər olduğu kimi, hər ərazi üzrə 2-3 nəfərdən ibarət sosial işçi qrupu olmalıdır. Sosial işçi qrupu hansı ailədə problemlər baş verirsə, onları daim nəzarət altında saxlamalıdır. Onsuz da heç bir qadın ailədaxili münaqişəsi zamanı sahə müvəkkilinə şikayət etmir. Uzun müddət qadınlara qarşı zorakılıq, şiddət göstərilməsi ilə bağlı hadisələrə diqqəti yönəltdik. Kişilər yaddan çıxdı. Yalnız qadınların döyülməsi, şiddətə məruz qalması mövzularını işlədik. Kişilərlə heç bir iş aparmadıq. Onların da maariflənməsi istiqamətində işlər görülməli idi".

Ə.Qəşəmoğlu vurğulayıb ki, mütəxəssis kimi, bu sahədə proseslərin qarşısını almaq mümkündür:

"Bu hadisələrin də gedişində elmi metodlardan, sosioloq məsləhətindən yararlanmaq lazımdır. Hadisə başlı-başına buraxılıb. Məsələyə elmi metodlarla yanaşmaq vacibdir. Hər şeyi başlı-başına buraxmışıq. Belə getsə, növbəti illərdə vəziyyət daha da pis olacaq".

Qeyd edək ki, Abşeron rayon prokurorluğundan avqustun 24-ü Abşeron rayonu ərazisində 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.