Dünya qocalır, elə Azərbaycan da...

Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır

“Varlı ailələrin əksəriyyəti bir və ya iki uşaqdan çox istəmir. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya - hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər”

  Son illərdə dünyada demoqrafik qocalma tendensiyası müşahidə edilir. Əhalinin qocalması, həm də yeni doğulanların sayının azalması ilə əlaqədardır.
Azərbaycanda uzun əsrlər demoqrafik artımla bağlı heç bir çətinlik yaşanmayıb. Amma son onilliklərdə vəziyyət dəyişir və bizdə artıq doğumun azalması və əhalinin qocalması tendensiyası yaranıb. Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə əhalinin qocalmasını dövrümüzün aktual problemlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, əhalinin azalmasını təmin etmək üçün ölkədə doğum səviyyəsi hər ailəyə görə 3 uşaq olmalıdır. İnkişaf etmiş ölkələrdə miqrasiya bu işə öz töhfəsini verir - gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir, yaşlılar isə inkişaf etməmiş ölkələrdə qalır: “BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı yaxın üç onillikdə iki dəfə artaraq 2050-ci ildə 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyaya təsir edəcək. Honq-Konq, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40 faiz təşkil edəcək”.
  Azərbaycana gəldikdə isə sosioloq deyib ki, ölkəmizdə də yaşlı əhalinin xüsusi çəkisi xeyli artacaq. Bilirsiniz ki, son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2 faizdən 7,1 faizə yüksəlib: “Əhalinin qocalmasına qarşı mübarizədə doğum səviyyəsinin stimullaşdırılması əsas tədbirlərdən biridir. Norveçdə uşaq dünyaya gələnə qədər işləmiş yeni analar bir il maaşının 80 faizini və ya 42 həftəlik tam maaş alırlar. Atalar üçün atalıq məzuniyyəti də var. Uzun müddətdir ki, “Bir ailə - bir uşaq” siyasəti yürüdən Çində indi ikinci və sonrakı uşaqlar üçün nağd ödənişlər var. Rusiyada doğum nisbəti ilə bağlı vəziyyət çətindir. Bunu ailələrin, əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına xərclədiyi analıq kapitalı ilə və aylıq uşaqpulu verməklə düzəltməyə çalışırlar.
  Uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb. Dəstək tədbirlərindən yalnız uşaq doğulanda 500 manat birdəfəlik müavinət verilir. Bu, kifayət deyil, çünki həmin vəsait uşağın doğum xərcini belə ödəmir.
  Nəticədə, ailələrdə uşaq sayı minimuma enib. Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır. Son 5-6 il ərzində uşaqların sayı 4 faiz, əhalinin ümumi tərkibindəki payı isə 6 faiz azalıb”.
  E.Bayramlının sözlərinə görə, əhali qocalır və bu, təkcə mənəvi-psixoloji problem deyil, həm də sosial-iqtisadi problemdir. Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlətin üzərinə əlavə maliyyə yükü, əmək qabiliyyətli vətəndaşların sayının azalması, hər 1000 işçiyə düşən pensiyaçıların sayının artması, əməkhaqqının azalması, sosial xərclərin artmasıdır: “Bu səbəbdən əksər ölkələr öz əhalisini, uşaq və gənclərin nisbətini artırmaq üçün bir çox tədbirlər görürlər. Buraya uşaq üçün aylıq müavinət, ev, torpaq sahəsi, avtomobil də daxil olmaqla çoxsaylı təşviq və güzəştlər daxildir.
  Azərbaycanda uşaq müavinətlərinin bərpası mütləqdir. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Heç olmasa, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 5 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu etmək olardı. Onu da qeyd edim ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyəti bir və ya iki uşaqdan çox istəmir. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya - hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var: nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq”.