Problem: İçməli su niyə kəsilir?  - AÇIQLAMA

Bakının içməli su təsərrüfatı bərbad günə qalıb

 "Azərsu" dövlət büdcəsindən ən çox maliyyə alan qurumdur

“Heç bir ölkədə 40-50 faiz su itkisi olmur. Sistem necə bərbad vəziyyətə düşübsə, rəhbərliyin dəyişməsi belə problemin həllinə təsir etmədi”


  Amerikalı, dünya şöhrətli şahmat üzrə grossmeyster çempionat üçün Bakıya gəlib və hoteldə su tapmadığı üçün narazı getdi...
  Qaraçuxurda, Günəşlidə  axşam saat doqquz olmamış su kəsilir. Yeni Günəşlidə onsuz da su olmur, nəinki gecə, gündüz də kəsirlər. Bizim kranlar artıq pas bağlayıb. Suraxanı rayonunda da eyni vəziyyətdir. Əhmədli sakinləri isə özlərini Afrika qəbilələri ilə müqayisə edirlər:  su 13:00-da kəsilir, 18:00-da verilir...
Binədə isə  ümumiyyətlə su yoxdur...
  Sosial şəbəkələrdə tez-tez rast gəlinən bu şikayətlər paytaxtın içməli su probleminin aktuallığından xəbər verir. 
  "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə “Sherg.az"a açıqlamasında deyib ki,  “Azərsu” ASC tərəfindən 2023-cü ilin fevral ayından Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Fevral ayının birinci ongünlüyündən etibarən anbar ehtiyatlarının toplanması üçün şəhərin bir çox hissələrində içməli suyu fasilələrlə verməyə başlayıb: 

“Suyun verilməsini tam dayandırmasaq da, təzyiqi azaldırıq. Bu, bütünlükdə paytaxt əhalisinin dayanıqlı su  təchizatının aparılması məqsədilə atılmış bir addımdır”. 
  Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə “Sherg.az"a açıqlamasında deyib ki, dövlət büdcəsindən ən çox maliyyə ayrılanlardan biri də "Azərsu"dur, amma su təchizatını normala sala bilmirlər: 

“Uzun illər bu problem barədə danışırıq, faktlarla göstəririk ki, “Azərsu” ASC Bakının içməli su təsərrüfatını bərbad günə qoyub.  Bu təşkilat dövlət büdcəsindən ən çox maliyyə alan qurumdur. Xarici kreditləşmədən də kifayət qədər vəsait məhz onlara yönəldilir. Dövlətə ən çox borclu olan qurum da məhz “Azərsu”dur. Bu qədər nəhəng  vəsaitlərin sərf olunmasına rəğmən bu sahədə heç bir irəliləyiş yoxdur, əksinə, hər il bir az daha geri gedirik.
  Paytaxtda suyun qrafiklə verildiyi ərazilərin sayı getdikcə artır. Bu isə biabırçılıqdır. Suyun verilməsində ancaq müvəqqəti fasilə verilə bilər. Hardasa ciddi bir qəza olanda, yaxud yeni kəmər çəkiləndə. Ölkədə su yoxdur deyib  birdəfəlik qrafikə keçmək  faktiki olaraq qurumun suyu idarə edə bilmədiyinin sübutudur. Alternativ mənbələrdən paytaxta su çəkilməli, Bakının su təchizatı qurulmalı idi. 1 milyarda yaxın xərc çəkib Oğuz-Qəbələ su kəməri çəkdilər ki, saniyədə 5 kub su verəcək. İndi isə məlum olur ki, heç 3 kub belə verə bilmir. Digər mənbələrdən gələn suyu isə düzgün idarə edə bilmirlər deyə şəhərin mərkəzində yaşayan sakinlər belə susuzluqdan əziyyət çəkir. Bu il yağıntının miqdarı artıq, çaylarda, göllərdə sululuq  çox olub. Başqa vaxtı quraqlığı bəhanə edirlər, indi ki yerüstü su mənbələri doludur. 
  Cənab prezident göstəriş vermişdi ki,  çayların üzərində 60-a yaxın su elektrik stansiyası və su anbarları  tikilsin, mümkün olan yerlərdə artezian quyuları qazılsın, dəniz kənarında su şirinləşdirici zavodlar inşa edilsin. Yaxşıdır ki, 20 il biz bunun davasını çəkəndən sonra belə bir zavod  tikilib, amma biri kifayət deyil”. 
  Ekspertin sözlərinə görə, tək Bakıda yox, ölkənin bir çox yerlərində ciddi su çatışmazlığı var. Verilən suyun  keyfiyyətini qoyuram bir kənara, həcm etibarı ilə belə əhalinin su tələbatını ödəyə bilmirlər: “Tez-tez baş verən qəzalara, boruların partlamasına görə su itkisi 40 faizə çatır. Bu isə dünya rekordudur. Maksimum itki 3 faiz olar. Heç bir ölkədə 40-50 faiz su itkisi olmur. Sistem necə bərbad vəziyyətə düşübsə, rəhbərliyin dəyişməsi belə problemin həllinə təsir etmədi. 
  İçməli suyun keyfiyyəti də çox aşağıdır, demək olar ki, əhaliyə verilən su heç təmizlənmir. Sadəcə xlor vururlar, o da normadan artıq vururlar deyə bu, daha zərərlidir. Yenə kənd sakinləri birtəhər təbii su mənbələrindən bəhrələnə bilir. 
  Bakıdan 10 dəfə böyük şəhərlərdə belə su problemi yaşanmır. Təklif edirəm  ki, su ehtiyatları agentliyi peşəkar mütəxəssisləri  bir ara yığsın və strateji proqram hazırlasınlar. Ölkənin bütün mövcud yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilməli və onların paylanması, itkilərin qarşısının alınması, suyun qanunsuz olaraq, yəni sayğacdan kənar satılması kimi problemləri aradan qaldırılaraq bu vəziyyətdən çıxarılmalıdır. 
  Ən real təhlükələrdən biri oldur ki, su ehtiyatlarımızın 70 faizi xarici mənbələrdən gəlir. Quraqlıq riskini önləmək üçün bu istiqamətdə real addımlar atılmalıdır. Artezianların, dəniz suyunu  şirinləşdirən zavodların sayı artırılmalı, kiçik çayların üzərində su anbarları, kiçik bəndlər qurulmalıdır ki, quraqlıq aylarında həmin sulardan istifadə olunsun. İçməli və suvarma sularının idarə olunması ilə bağlı proqram hazırlanmasa, vəziyyət getdikcə acınacaqlı hal alacaq”.