Xırdalanda MÜƏMMA: İntihardır, ya qətl? - Kriminalist rəyi

Son günlər Xırdalanda qeydə alınan intihar faktları ölkədə ciddi narahatlıq yaradıb. Söhbət ayrı-ayrı günlərdə 3 yeniyetmə qızın eyni binadan özünü ataraq intihar etməsindən gedir. 
Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia edib.

Qeyd edək ki, 16, 15 və 13 yaşlı yeniyetmələrin deyildiyinə görə eyni binanın hündür mərtəbələrindən atılması, eyni hazırlıq müəlliminin yanına getməsi və hər 3-ü qız olması insanlarda böyük şübhələr doğurub. 

Cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olan bu məsələni "Sherg.az"a şərh edən kriminalist ekspert İlqar Altay deyib ki, baş verən hadisə həm kriminal, həm də ictimai cəhətdən yanaşmada kifayət ağır və faciəvidir: 

"Qanunla bu işi prokurorluq araşdırmalı və polis də əməliyyat tədbirləri aparmalıdır. İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır. 

Əgər tam yəqin edilərsə, sadəcə intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır ki, qarşısı alınıb təkrarlanmasın".

Kriminalistin sözlərinə görə, təkcə ölkəmizdə deyil, son dövrlər əksər ölkələrdə uşaq və yeniyetmələr (13-21 yaş) arasında intihar-ölüm faktlarının sayı artıb. Hətta bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra 2-ci yerdədir: 

"İntiharları motivinə görə 3 tipə bölmək olur. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmədir.  
 
Nümayişkəranə intihar isə ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivlidir.
Üçüncüsü isə qeyri-təbii, yanakı intihar-ekstremal və risqli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər. 

Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa!) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik.

 Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Üstəlik, kəsilmə qorxu, həyacanı, "biyabırçılığı!". 
Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ki, ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!

Yenə qayıdıram bu fikrə ki, məsələnin ilk əvvəl kriminal tərəfləri ciddi obyektiv araşdırılmalıdır. Özüm də ixtisaslı kimi məsələnin cinayət tərəfi təhqiqinin gedişatını çalışıb müşahidə edəcəm".