Bir Forumla bütün problemlərimiz həll olunmaz - Yazıçı

Varis Yolçuyev: “İnanıram ki, forumda söylənilən təkliflər diqqətə alınacaq və gələcəkdə ana dili və ədəbiyyatımızın daha da inkişafına kömək edəcək”

  Bu il Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutub. Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi foruma Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində (Shamakhi Palace Sharadil hotelində) sentyabrın 1-də start verilib, sentyabrın 2-3-də isə Bakı şəhərində - “Gülüstan” sarayında forum davam edib.
  “Sherg.az"a açıqlamasında Forumla bağlı təəssüratlarını bölüşən yazıçı, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyev deyib ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən “Azərbaycan dili və Ədəbiyat forumu”na görə bu tədbirin təşkilatçılarına çox böyük minnətdarlıq düşür:

“Son illər ana dilinin qorunması, ədəbiyyatımızın təbliği mənasında bu, ilk nüfuzlu və sanballı tədbir idi, ona görə də təşkilatçılara - Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə alqış demək labüddür.
  Mədəniyyətin müxtəlif istiqamətləri üzrə aktual problemlərin müzakirə olunduğu panel toplantılarında görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri maraqlı çıxışlar etdilər. Dil və ədəbiyyatla bağlı mövzu seçimi, moderatorlar hamısı çox yaxşı idi. Sözsüz ki, hər iki sahədə kifayət qədər ciddi problemlər var və onların müzakirəsini, həllini bir forumla həll etmək mümkün deyil. İllərdir dilimizdəki qüsurlar, ədəbiyyatımızdakı çatışmazlıqlar üst-üstə yığılıb.
  İnformasiya kommunikasiyalarının sürətli inkişafı mənəvi dəyərləri, mədəniyyətləri kölgədə qoyur. İndi daha çox iqtisadi böhran, pandemiya, müharibə, təbii fəlakət, mobil telefonların, internetin insanlığa təcavüzü üçüncü minilliyin insanları üçün əsas prioritetdir. Böyük əksəriyyətin mədəniyyətə diqqət ayırması absurddur. Bu kimi faktlar da mədəniyyət xadimlərinin qarşısına çox böyük məsuliyyət qoyur. Üstəlik də texnoloji inkişafla əlaqədar yeni yaranan beynəlxalq terminlər dilimizə basqı edir. Əvvəllər kifayət qədər işlək olan bir çox söz artıq arxaikləşir. Bütün bunların əsas səbəbkarı sosial media, onlayn internet resurslarıdır. Çap mediasında dilimizin qayda-qanunlarına riayət olunsa da, yağışdan sonrakı göbələk kimi artan saytlarda ədəbi dil normaları çox kobud şəkildə pozulur. Eyni zamanda özəl televiziyalarda dilimizin başına oyun açırlar”.
  Yazıçı hesab edir ki, bir Forumla bütün problemlərimiz həll olunmasa da, ilk addım olaraq çox dəyərlidir: “İnanıram ki, forumda söylənilən fikirlər, təkliflər diqqətə alınacaq və gələcəkdə ana dili və ədəbiyyatımızın daha da inkişafına kömək edəcək. Sevindirici haldır ki, Azərbaycanın yeni mədəniyyət naziri Adil Kərimli nazir təyin olunan kimi kino sahəsində inqilabi yeniliklər elədi.
  Dünya təcrübəsində mədəniyyət sahəsində gəlir gətirən üç sahə var ki, onların dotasiya ehtiyacları yoxdur; kino, musiqi və ədəbiyyatdır. Azərbaycan kinosu isə bir vaxtlar məktəb rolu oynayıb. Ötən əsrin 20-30-cü illərində bizim filmlərimiz Avropada böyük maraq doğururdu. Hətta onlar bizim filmlərimizə baxıb özlərinə etalon kimi qəbul edirdi. Təəssüf ki, indi biz Avropa təcrübəsini vacib hesab edirik. “Qızıl Fond”du olan Azərbaycan Kinematoqrafiyasının indiki səviyyədə olması çox ciddi problemdir. Ona görə də nazir islahatlara məhz kino sahəsindən başladı. Kino forumu keçirildi, orada bir çox məsələlər ciddi müzakirə predmetinə çevrildi. Elan edilən müsabiqədə isə kinonun qapıları hər kəs üçün açıq elan edildi.
  Teatr sahəsində də çox ciddi dəyişikliklər edildi. Növbədə isə ədəbiyyat idi və biz bu Forumla nazirliyin dilimizə və ədəbiyyatımıza göstərilən diqqət və qayğının şahidi olduq”.
  Forumda çıxış edən V.Yolçuyev mədəniyyətin böhrandan xilasının beynəlxalq təcrübədəki nəzəriyyələrindən danışıb: “Gülüstan sarayındakı tədbirdə ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar” mövzusunda çıxış etdim.
  Dövrün insanı üçün daha yaxşı əsərlər yazmaq, mühüm mədəniyyət faktorları ilə çıxış etmək lazımdır. İKT inqilabı, mobil telefon və internetin basqısı şəraitində eyni problemi yaşayan və tənəzzüldən çıxmağa başlayan Qərb dünyasında tətbiq olunan innovativ metoda diqqət çəkdim. “Foksfordun ev məktəbi” adlanan bu metod hər şeyi körpələrlə işdən başlamağa yönəldib: “Biz gəldi-gedərik, Azərbaycan mədəniyyəti, Azərbaycan dili isə əbədidir. İtirilən nəslə yox, yeni dünyaya gələn körpələr üzərində işləmək lazımdır. Konseptual yanaşmalar ortaya qoymaq lazımdır. Beşikdəki körpəyə oxunan layla, çəkilən şəkillər, əzbərlənən şeirlərlə ədəbiyyatımıza, dilimizə maraq oyatmaq lazımdır. Bu sahədə diqqət yetirilməli vacib nüans milli cizgi filmlərinin çəkilməsidir. Ancaq bu yolla dilimizin, mədəniyyətimizi qoruya və gələcək nəsillərə ötürə bilərik. “Foksfordun ev məktəbi” nəzəriyyəsi üzərində tərbiyə olunan uşaqlar heç vaxt bayağı filmlərə baxıb, boz ədəbiyyat nümunələri oxumur. Ancaq bu yolla gələcək mədəniyyəti xilas etmək mümkün olacaq”.