Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyənləşdirəcək.
Bu barədə Baş nazir Əli Əsədovun “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərin icrası ilə bağlı imzaladığı sərəncamda qeyd olunub.
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla 4 ay müddətində bununla bağlı layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu barədə "Sherg.az"a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, sürücülərin iş və istirahət rejiminə nəzarət edilməsi, yeri gələndə məsuliyyətə cəlb olunması yol nəqliyyat hadisələrinin qarşısını ala bilər:
"Sürücülərin iş və istirahət rejiminin müəyyənləşməsi yol hərəkətinin təşkili və təhlükəsizliyi baxımından çox önəmlidir. Dünyanın bir çox ölkələri artıq buna keçid edib. Çoxdandır, nəzarət mexanizmi tətbiq olunur. Üzv cihazlar var, avtomobillərə quraşdırılıb. Sürücünün hərəkət trayektoriyası iş və istirahət rejimi, nəqliyyat vasitəsinin neçə saat fasiləsiz işlədiyi nəzarətdə saxlanılır. O istəsə belə, artıq qayda poza bilmir, məsuliyyətini dərk edir. Bunlar sözlə də deyilə bilər, lakin effekt vermir. Ona görə də bu cür nəzarət mexanizmləri xüsusi vasitələrlə icra edilməlidir. Bu vasitələr dünyanın bir çox ölkələrində tətbiq olunur. Azərbaycana da gətirilməsi nəzərdə tutulur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə bir çox ölkələrlə danışıqlar aparır. Danışıqların da əsas mahiyyətində nəqliyyat vasitələri üçün ölkəyə taxoqrafların gətirilməsi dayanır. Taxoqraflar sürücülərin iş və istirahət rejiminə nəzarət etmək üçün ən mükəmməl və səmərəli bir vasitədir. Sürücülər söz, xəbərdarlıq, tövsiyəni nəzərə almırlar. Bugünkü gün üçün sürücülərin istirahət rejiminə işğaldan azad olunan ərazilərdə daha çox ehtiyac var. Axır vaxtlar həmin ərazilərdə baş verən qəzalar onu göstərir ki, buna çox ciddi zərurət yaranır".