Bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar sms göndərilib.
Mesajın göndərildiyi tarixlə sms-in içərisində qeyd edilən zaman da fərqlidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatın göndərilməsinə münasibət bildirib.
SHXÇDX mətbuat xidməti Pərviz Sədrəddinov "Sherg.az”a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı göndərilən sms-lər saxtadır.
Həmçinin mesaj forması bu cür deyil. “Vayinkamata”, “vayeni” kimi səhv sözlər yazılıb. Həmin sms-in bizə heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinin 25-ci bəndi ümumi və qismən səfərbərlik elan etməyi Prezident səlahiyyətlərinə aid edir. Yəni səfərbərlik üçün Prezident sərəncam verməlidir.
Vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq.