“Yağışdan çıxıb tıxaca düşmək” - SƏBƏBLƏR 

Ötən dəfə Bakının bir sıra yollarında güclü tıxac yaranıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Bununla bağlı "Sherg.az"a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yağışdan sonra yaranan tıxacın səbəbi yağış sularının idarə edilməsi ilə bağlı olan problemdən qaynaqlanır:



"Yağış sularının idarə ediməsi vacibdir. Xüsusən də, indiki dönəmdə - qlobal istiləşmə və su böhranının qapımızı döydüyü bir zamanda hətta yağış suyunun toplanması yönündə də işlər görülməlidir. Bundan əlavə, şəhərdəki mobillik problemi hələ də həll edilməyib. Toplu sərnişin daşıma növlərinin üstünlüyü təmin olunmayıb. Küçələrdə ayrılmış avtobus zolağı şəbəkəsini görmürük. Tıxacın əsas səbəbi də elə budur. İctimai nəqliyyatın çeşidliliyi və üstünlüyü yoxdursa, hava şəraitindən, mövsümdən asılı olmayaraq, daimi tıxac müşahidə edilir. Parkinq sisteminin tənzimlənməsi, taksi islahatının keçirilməsi, sürətə görə olan cərimələrin artırılması, müsbət haldır. Təhlükəsizlik adacıqları, zolaqların ensizləşdirilməsi, piyada infrastrukturunun təftiş olunması, bariellərin aradan qaldırılması şəhər mobilliyinə birbaşa təsir edəcək. Paytaxt sakinləri də hansı məsafəyə nəqliyyat növü ilə gedəcəklərinə özləri qərar verəcəklər".