Reklam lövhələri təhlükə mənbəyidir!

Hansı müəssisənin balansındadırsa, vaxtaşırı texniki qulluq edilməli, nasaz detallar varsa, təmir olunmalıdır

  
Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var. Hadisə dünən  şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Qafarova Zimilə Həsən qızı xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
  
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki,  reklam lövhəsi yerləşdirilən zaman təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı, yerin səthi lövhələrin ölçüləri və materialı, ətrafdakı infrastruktur, piyada keçidi, dayanacaqlar nəzərə alınmalıdır: 
“Diqqət etmək lazımdır ki, əlverişsiz hava şəraitinin təsirindən sıradan çıxma, aşma riski olmasın. Dayanıqlılığı möhkəm olmalıdır ki, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə riski yaratmasın. Hansı müəssisənin balansındadırsa, vaxtaşırı texniki qulluq edilməli, nasaz detallar varsa, təmir olunmalıdır. Ümumiyyətlə isə  “Reklam haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır”.