Vətəndaşlar NARAZI! - “Azərsu” haqlıdırmı?

Vətəndaşlar ASC-nin əməkdaşlarının hərəkətindən narazıdır

“Suyun pulunu ödə, ödənişin qəbzinin şəklini çək vatsap nömrələrinə göndər”

Anar Cəbrayıllı isə burada qeyri-qanuni hal yoxdur deyir

  Paytaxtın bəzi inzibati ərazilərində rayon su idarələrinin əməkdaşları mənzillərə gələrək abonentlərdən sudan istifadəyə görə edilmiş ödənişin qəbzinin şəklini çəkib əməkdaşların vatsap nömrələrinə göndərmələrini xahiş edir. Vətəndaşlarsa bundan narazıdır və inamsız yanaşırlar. Bəzən vətəndaşlar əməkdaşın, həqiqətən də, su idarəsinin işçisi olub-olmadığını müəyyənləşdirə bilmir. Digər tərəfdən, vətəndaşlar bildirir ki, ödənişlər onlayn sistem vasitəsilə həyata keçirildiyi halda niyə bunu kiməsə isbat etməlidir. Ödənişlər elektron sistemə daxil olur. Su idarəsinin ödənişlər barədə elektron sistemdən məlumat əldə etməsi çətin iş deyil. Qısası, vətəndaş qəbzin şəklinin çəkilib göndərilməsini özünə qarşı etibarsızlıq hərəkəti hesab edir.
  Məsələ ilə bağlı “Sherg.az”ın sorğusunu cavablandıran “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı qeyd etdi ki, su idarəsi əməkdaşlarının abonentlərdən ödəniş qəbzinin şəklini çəkib göndərmələrini istəməsində qeyri-qanuni hal yoxdur:

" Əməkdaşlar abonentin həqiqətən də ödəniş etdiyinə əmin olmaq üçün bunu xahiş edir. Çünki bəzən, vətəndaş ödəniş etdiyini bildirir, lakin əslində ödəniş edilməmiş olur. Su idarəsi əməkdaşları ödənişin həqiqətən edildiyini dəqiqləşdirmək üçün elektron sistemə daxil olub axtarış verməlidirlər. Amma ödəniş qəbzinin fotosunun göndərilməsiylə abonent də ödəniş etdiyini təsdiqləyir, əməkdaş da buna əmin olur. Su idarəsi əməkdaşları ödənişlərlə bağlı hesabat aparırlar. Ödəniş qəbzinin şəklinin göndərilməsi onların işini də asanlaşdırır. Burada qeyri-qanuni hal yoxdur".