2024-cü ildə əhalinin sosial təminatı daha da yaxşılaşdırılacaq
 

Büdcədə artım nəzərdə tutulub
 
 
  Maliyyə Nazirliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.
  Bəzi mənbələrdə həmin göstəricilərin 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən, müvafiq olaraq, 0.4 faiz və 0.7 faiz az olduğu qeyd olunub. 
  Neftin qiyməti isə 1 barelə görə 60 dollar həddində müəyyən edilib. Bu məbləğdə dəyişiklik yoxdur.
  Millət vəkili Vüqar Bayramov isə sosial media hesabında yazıb ki, gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artım nəzərdə tutulub.  Onun sözlərinə görə, bu, 2024-cü ildə sosial təminatın daha da güclənəcəyindən xəbər verir: 

“Müvafiq sahələrə ayrılan vəsaitlərin həcminin artırılmasının ən əsas hədəfi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsinə xidmətdir. Belə ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Qeyd edək ki, bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək.
  Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti yanvardan etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir”.