Antibiotik qəbulu ilə bağlı həyəcan təbili  - ARAŞDIRMA

Yersiz istifadə olunanda bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur

  Türkiyəli professor lazımsız antibiotik qəbulu ilə bağlı həyəcan təbili çalıb.
  Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin (KLİMİK) sədri, professor Serap Şimşək Yavuza görə, xəstələrin daim antibiotik qəbul etməsi, bədəni antibiotikə öyrəşdirməsi orqanizmin müqavimətini azaldır. “Sherg.az" qəzeti “NTV”-yə istinadən xəbər verir ki, Serap Şimşək antibiotiklərin lazımsız və geniş istifadəsinin davamlı mikrobların güclənməsinə səbəb olduğunu bildirib. Yavuz deyib ki, indi xəstələr antibiotikdən əvvəlki dövrlərdə olduğu kimi sadə bakterial infeksiyalardan da ölə bilər.
  S.Şimşək Yavuz pandemiyadan əvvəlki illərdə belə Türkiyənin ən böyük problemlərindən biri olan antibiotik müqavimətinin pandemiya və zəlzələ kimi fəlakətlərin təsiri ilə daha da təhlükəli hala gəldiyini bildirib.
  Professor antibiotik müqaviməti baxımından Türkiyənin Avropada Yunanıstanla rəqabət apardığını, hətta çempion olduğunu bildirib: “Dayanıqlı patogenlər (xəstəlik törədən amillər) artır, mövcud antibiotiklər işləmir; Yeni antibiotiklər yoxdur.
  Antibiotiklərin lazımsız və geniş istifadəsinin davamlı mikrobların güclənməsinə səbəb olduğunu vurğulayan S.Ş Yavuz hazırda Türkiyədə bir nömrəli infeksiya probleminin antibiotik müqaviməti olduğuna diqqət çəkib: “Bakteriyalar bu cür müqavimət genlərini əldə etmək məsələsində çox bacarıqlıdırlar. Onlar sürətlə inkişaf edə bilirlər. Mobil genetik elementlər dediyimiz müəyyən maddələri əldə edərək, antibiotikə məruz qaldıqları təqdirdə tez bir zamanda müqavimət göstərə bilirlər. Bununla da ölümə səbəb olurlar.
  Bu rezistent patogenlərin törətdiyi infeksiyalar lazımi səviyyədə müalicə olunmadığı üçün daha artıq ölüm halları ilə üzləşirik. Müqavimətli patogenlər artdıqca mövcud antibiotiklərin təsiri olmur.
  Təəssüflə qeyd edim ki, artıq sidik yolu infeksiyalarının müalicəsi üçün ağızdan qəbul edilən dərmanlar təyin edə bilmirik.
   Ən sadə infeksiyaya görə pasiyenti xəstəxanaya yatırdıb daha geniş spektrli antibiotiklərlə müalicə etməyə məcbur oluruq”.
  Dünyanın bir çox ölkəsində bu problemin yaşandığına diqqət çəkən professor təəssüflə qeyd edib ki, nə dərman, nə də müalicə seçimi olmayan mikroblarla qarşılaşırıq. Bu cür xəstələrə nadirən rast gəlinsə belə, kifayət qədər kritik əhəmiyyət kəsb edir: “Amerika və Avropa kimi inkişaf etmiş ölkələrdə belə antibiotik müqaviməti səbəbindən qeydə alınan ölümlər digər yoluxucu xəstəliklərə görə baş verən ölümlərdən qat-qat yüksəkdir. Yəni antibiotik müqavimətinə görə müalicəsi mümkün olmadığı üçün dünyasını dəyişən xəstələrin sayı vərəm, qızılca, sətəlcəm kimi xəstəliklərdən müalicə oluna bilməyən xəstələrin ümumi sayından daha çoxdur. Əfsus ki, Türkiyədə də antibiotiklərə davamlı patogenlərin yaratdığı xəstəlik yükü çox yüksəkdir”.
  S.Ş.Yavud deyib ki, koronavirus və zəlzələ kimi fövqəladə vəziyyətlərdə antibiotikdən rasional istifadə qaydalarına əməl edilmədiyi üçün antibiotik müqavimətinin daha da artmasına səbəb olan vəziyyətlər var idi: “Çünki insanlar fövqəladə vəziyyətlə üzləşdikdə həm xəstəxanalarda infeksiyaya nəzarət prosesini, həm də antibiotiklərin rasional istifadəsini tam həyata keçirə bilmir. Nə qədər çox antibiotik istifadə edilərsə, infeksiyanın müqaviməti də bir o qədər artır. Bu səbəblə yalnız lazım olduqda istifadə etdiyimiz rasional antibiotik tətbiqləri bütün ölkə daxilində maarifləndirmə və məlumatlandırma kampaniyalarında intensiv şəkildə həyata keçirilməlidir. Bunun üçün də resurs ayrılmalıdır, hansı ki bu məbləğ müalicə üçün ayıracağınız vəsaitdən xeyli aşağıdır.
  Onu da deyim ki, soyuqdəymə və kəskin bronxit kimi xəstəliklərə görə pasiyentlərə antibiotik yazılmamalıdır. Məktəblərin açılması ilə əlaqədar artan viral üst tənəffüs yolu infeksiyalarının müalicəsində lazımsız antibiotiklərdən istifadə edənlərin sayı artır. Uşaqlarda ən çox rast gəlinən infeksiya yuxarı tənəffüs yollarının infeksiyalarıdır. Bunların 90 faizi virusdur, antibiotiklər isə viruslara qarşı faydasızdır. Uşaqlarda kəskin bronxit adlandırdığımız xəstəlik tez-tez olur. Bronxitin isə 90 faizindən çoxu virus olduğu üçün onun müalicəsində antibiotiklərdən istifadə edilməməlidir. Ən lazımsız antibiotik istifadəsi isə uşaqlarda qrip, yuxarı tənəffüs yollarının digər viral infeksiyaları və kəskin bronxit zamanı olur. Həkim nəzarəti olmadan bu xəstələrə antibiotik vermək olmaz. Çox təəssüf ki, bəzən valideynlər “uşağım 2 həftədir öskürür, keçmir, antibiotik belə yazmayıb” deyərək həkimə təzyiq göstərirlər.
  Poliklinikalardakı xəstə yükünü nəzərə alsaq, həkimlər üçün valideynlərin təzyiqinin öhdəsindən gəlmək çox çətindir. Xəstəxanalarda bu qədər sıxlıq yaranandan sonra hər hansı rasional dərmandan istifadədən söhbət gedə bilməz”.
  Yerli mütəxəssislərimiz də dəfələrlə media və sosial şəbəkələr vasitəsilə həyəcan təbili çalıblar ki, virus infeksiyası başlayan kimi antibiotik istifadəsi düzgün deyil, çünki bu zaman immunitet zəifləyir və yersiz təyinat olur.
Bəs, xəstələrə nə zaman antibiotik verilməldir?
  Pediatr Nigar Süleymanova da da təəssüf hissi ilə qeyd edib ki, elə indinin özündə mövsümlə əlaqədar kütləvi hal almış, yüksək hərarət, öskürəklə müşayiət olunan xəstəlikdən əhalinin böyük əksəriyyəti əziyyət çəkir. Təəssüflər olsun ki, bir çoxu da ilk addım olaraq antibiotiklərdən istifadə edir: “Antibiotiklər əslində bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır. Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur. Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil. Antibiotiklər mikrobların artıb törəməsinin qarşısını alan, onları məhv edən maddədir. Bu maddə təbii və ya yarımsintetik şəkildə bitki və kimyəvi mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. Yersiz istifadə olunanda bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur.
  Müəyyən analizlərdən sonra düzgün diaqnozun qoyulması ilə xəstəliyin müalicəsində antibiotikə ehtiyac olub-olmadığını müəyyən etmək mümkündür. Qrip mənşəli viruslara yoluxma zamanı antibiotik qəbulu səmərəsizdir!” .