Sərhədlərin bağlı qalmasının əziyyətini qara camaat çəkir

Ölkədə heç bir koronavirus təhlükəsi yoxdur

Əvvəlcə Gürcüstanla, sonra Türkiyə ilə quru sərhədlər açılmalıdır

“Ümid var ki, yanvar ayından quru sərhədlərlə bağlı qərar veriləcək. Çünki bu, çox böyük fəsad və problemlərə səbəb olur”

  
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb. Bundan əvvəl isə iyunun 23-də Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. 
  
Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb. Hazırda pandemiya ilə bağlı sərt məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olsa da, hər 3 aydan bir xüsusi karantin rejiminin uzadılması problemin həllini də uzadır. Məhz bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasının artıq pandemiya olmadığını bəyan etdikdən və bütün dünyada quru sərhədlərin çoxdan açıq olduğu halda Azərbaycanın  sərhədləri bağlı saxlaması ölkə əhalisi tərəfindən birmənalı qarşılanmır. 
 
 İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar yumşaldılmalıdır. O, “Qaynarinfo”ya açıqlamasında ümid edib ki, yanvar ayından quru sərhədlərlə bağlı qərar veriləcək: 

"Çünki bu, çox böyük fəsad və problemlərə səbəb olur. Həm sərhədyanı ticarətlə bağlı, həm Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti ilə bağlı ciddi problemlər yaradır. Bu problemlərin aradan qaldırılmasının yolları tapılmalıdır. Məsələn, təyyarə ilə gedənlərin ölkəyə quru sərhədlə qayıtmaq imkanı olmalıdır".
  
Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, quru sərhədləri koronavirus epidemiyasına görə bağlanmışdı. Hazırda isə Azərbaycanda koronavirusun başa çatdığını əminliklə söyləmək olar. Bu gün ölkədə adi qripə yoluxanlar koronavirusa yoluxanlardan yüz dəfə çoxdur. Bu isə o deməkdir ki, artıq məlum təhlükə dəf edilib. Odur ki, sərhədlərin bağlı qalmasının da heç bir əhəmiyyəti qalmayıb. Şəxsən mən bir ölkə vətəndaşı və ictimaiyyət üzvü olaraq quru sərhədlərinin açılmasının tərəfdarıyam. Əgər dövlət sərhədlərin birdən açılmasına ehtiyat edirsə, bunu mərhələli şəkildə də etmək olar. Əvvəlcə Gürcüstanla quru sərhədimiz açılsın. Sonra isə Türkiyə ilə”.
 
S.Verdizadənin sözlərinə görə, sərhədlərin bağlı qalmasının əziyyətini qara camaat çəkir. Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq.