Su qablarını avtomobilin salonunda saxlamaq olmaz - NİYƏ?

Müalicəsi yoxdur, zəhərləyir

  Saf su içmək hansı dərəcədə önəmlidirsə, su şüşələrinin düzgün şəraitdə saxlanılması da bir o qədər vacibdir. Əks halda saf su deyib içdiyiniz maye faydalı yox, zərərli, hətta həyatınız üçün təhlükə mənbəyi olacaq. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən içərisində su olan plastik qabların düzgün saxlanma qaydalarını təqdim edir. Bu barədə Türkiyənin daxili xəstəliklər üzrə həkimi Ayça Kaya məlumat verib. Həkimin sözlərinə görə, su qablarının içində xolera, sigella, salmonella, aeromonas, lejyonella kimi bakteriyalar, giardia və amip kimi parazitlər, həmçinin norvalk ilə rotavirus da ola bilir. Bunlar su vasitəsilə orqanizmə düşdükdə ürək bulanması, mədə-bağırsaq pozuntusu, qaytarma və ishala səbəb olur. Xüsusən də avtomobildə saxlanan su şüşələrinin təkrar-təkrar istifadəsi, yaxud da saxlanılan suyun sonradan soyudulması bir çox mikrobların canlı qalmasına səbəb olur. “Waterfilterguru.com” adlı bir internet səhifəsində yayımlanan xəbərə görə, təkrar istifadə edilən su şüşələrində orta hesabla 20,8 milyon bakteriya toplanır. Bu isə unitaz qapağındakı mikroblardan 40 min dəfə (!) çoxdur. Həkim qeyd edib ki, təkrar istifadə edilən su qablarında toz, çirk və müxtəlif qalıqlar bakteriyaya çevrilir. Su qablarının mahiyyət etibarilə rütubətli, sərin mühitə sahib olmaları bakteriyaların yayılması üçün münbit şərait yaradır. Plastik qablar çox təhlükəlidir. Xüsusən günəş şüasının təsiri altında qalanlar, avtomobil salonunda saxlanılanlar BPA (Bisfenol A) riski daşıyır.
  Həkim su qablarının avtomobilin salonunda saxlanılmasının zərərlərinə xüsusi toxunub:
- Bir çox insan avtomobildə müxtəlif əşyalar – o cümlədən plastik qablaşdırmada su, dərman preparatları, parfümeriya, musiqi alətlərini “gəzdirir”. İnsanlar bunu vaxtın darlığı, zəruri əşyaların əllərinin altında olmasının vacibliyi ilə izah etməyə çalışırlar. Lakin bu, kökündən yanlışdır. Plastik qablar avtomobil salonunda uzun müddət qaldıqda günəş şüalarının birbaşa təsirinə məruz qalır ki, bu da müxtəlif bakteriyaların çoxalmasına səbəb olur. Plastik qablar zatən zərərlidir. Bir də üstəlik günəş altında, normal hava şəraiti olmayan yerdə qalırsa, düşünün, orada nələr baş verir. Plastik maddələr suya nüfuz edir, oradan da orqanizmə daxil olur. Mədə-bağırsaq pozuntusu, hətta zəhərlənmə də ola bilər. Eləcə də parfümeriya vasitələri günəş şüası altında qalırsa, tərkibi dəyişikliyə məruz qalır. Kosmetik vasitələr, kremlər avtomobil salonunda saxlanmamalıdır. Dərman preparatlarının avtomobil salonunda saxlanması da kökündən yanlışdır. Bu, ciddi şəkildə zəhərlənməyə gətirib çıxara bilər. Musiqi alətləri də avtomobil salonunda saxlanırsa, korlanırlar. Simləri quruyur, sınır.
A.Kaya vətəndaşlara məsləhət görüb ki, ən doğrusu şüşə qablaşdırmalardakı sulardan istifadə etməkdir:
- Hazırda şüşə matar adlanan modern su şüşələri də mövcuddur. Onlar daha təhlükəsizdir. Qədimdə insanlarımız suyu saxsı qablarda, mis kuzələrdə saxlayardı. Bu cür qablarda su uzun müddət saxlanılırdı, nə xarab olurdu, nə dadı dəyişirdi. Yenə də ən doğrusu şüşə qablardakı sulardan almaqdır. Şüşə qablar günəş şüasının daxilə nüfuz etməsinin qarşısını alır. Bununla belə hətta şüşə qablaşdırmaları da uzun müddət açıq havada, günəş şüası altında saxlamaq məsləhət deyil.