Suya qənaət günün tələbidir

İlk növbədə suvarma sistemləri yenilənməlidir

Getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq
 
 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanı İbrahim Yımaklı və onu müşayiət edən heyətlə görüşüb. Bu haqda Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

  Məlumata görə, görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzunmüddətli strateji həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə və Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.

  "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli isə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda su ehtiyatlarının azalmasına əsas səbəblərindən birinin qlobal miqyasda baş verən iqlim dəyişmələridir. O deyib ki, iqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır: “Su qıtlığının yaranması təkcə bir ölkə və bir bölgə ilə bağlı məsələ deyil. Qlobal iqlim dəyişikliyi, kürəsəl istiləşmə dövründə su resurslarının azalması təbii prosesdir. Üstəlik, əhali, buna paralel olaraq suya olan tələbat artır, kənd təsərrüfatı sahələri genişlənir. Transsərhəd suları azalır. Eyni proses qonşu ölkələrdə, qardaş Türkiyədə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir”.
  Ekoloqun sözlərinə görə, ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artması, su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir: “Buna görə də suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik.
  Hər bir fərd anlamalıdır ki, suya qənaət günün tələbidir. İlk növbədə suvarma sistemləri yenilənməlidir. Hazırda Azərbaycanın kənd rayonlarında suvarma sistemi 50 il bundan qabaq necə idisə elədir. Dəyişən heç nə yoxdur. Ölkəmizin təxminən 50 min km-dən çox uzunluğu olana suvarma kanallarının 70 faizi torpaq məcralı kanallardır. Bu cür köhnə suvarma sistemi ilə çaylardan, kanallardan götürülən suyun 40 faizi həm buxarlanma, həm də torpağa çökmə səbəbindən itkiyə gedir.
  Suvarma suyu uzaq məsafəyə beton kanallarla, plastik borularla daşınsa daha az itkiyə yol verilmiş olar. İri şəhərlərdə avtoyuma müəssisələri texniki sudan istifadə etməlidir. Bunun üçün məişətdə istifadə olunan suyun təkrar emalı həyata keçirilməli və texniki su şəbəkəsi yenidən qurulmalıdır.
  Eyni zamanda getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu gün su kanallarımız əsasən torpaq məcralı olduğundan orada su sızmaları çox olur. Bununla yanaşı, suvarma metodlarımız da köhnədir. Bütün bunları dəyişməklə, yeni texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton kanallara çevirməklə su itkilərini azalda bilərik. Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı ilə mübarizədə effektiv nəticə verə bilər. Su qıtlığı ilə mübarizənin əsas yolu ona uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif ölkələr milli səviyyədə uyğunlaşma strategiyaları, milli adaptasiya planları hazırlayırlar”.