Qiymətləndirmə spesifik sahədir

Qanun təkmilləşsə, problemlər aradan qalxacaq

“Əmlak bazarına xüsusi adamlar buraxılıb, müəyyən layihələrin qiymətləndirilməsində 50 minlik işə 5 min təklif verirlər”
  
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanun layihəsinin qəbul edilməsi banklar tərəfindən qiymətləndirmə aparılan zaman vətəndaşın əmlakın aşağı qiymətləndirilməsi və satışa çıxarılma zamanı da aşağı qiymətlərlə satılmasının qarşısını alacaq.

  Bunu "Trend"ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, qanun layihəsi qiymətləndirmə sahəsində yeni meyarları nəzərdə tutur: “Layihənin əsas üstünlüklərindən biri əmlakın qiymətləndirilməsində müstəqillik və obyektivliyin daha da gücləndirilməsi və bununla bağlı institusional islahatların həyata keçirilməsindən ibarətdir. Qanun layihəsinin qəbul edilməsi əmlakın daha doğru və bazar qiymətlərinə uyğun dəyərləndirilməsinə imkan verəcək.

  Bu, xüsusən də son dövrlər daha aktuallaşmış və bu sektorda əsas çətinliklərdən birinə çevrilən banklarla vətəndaşlar arasındakı mübahisələrin kəskin şəkildə azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, qanun layihəsinin qəbul edilməsi əmlakın yeni meyarlarla qiymətləndirilməsinə imkan verəcək, nəticədə banklar tərəfindən bu kontekstdə vətəndaşların aldadılması və ya əmlakın girov kimi daha aşağı qiymətləndirilməsi və ya satışa çıxarılan zaman daha ucuz qiymətə satılmasının qarşısını alacaq.
 
 İndi əsas problemlərdən biri banklar tərəfindən qiymətləndirmə aparılan zaman əmlakın aşağı qiymətləndirilməsi və satışa çıxarılma zamanı da aşağı qiymətlərlə satılmasıdır. Ona görə də gözlənilir ki, qanunun qəbul edilməsi banklar və vətəndaşlar arasında uzun müddətdir müşahidə edilən ənənəvi problemlərdən birinin həllinə gətirib çıxara bilər”.
 
 Qeyd edək ki, qanun layihəsi sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da “Sherg.az”a açıqlamasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbuluna ehtiyac olduğunu deyib.
  ““Qiymətləndirmə haqqında” qanunun 1998-cu ildə qəbul olunduğunu xatırladan ekspert indiki reallıqda həmin qanunun bir o qədər də əhəmiyyətli olmadığını bildirib: “Yeni qanun layihəsinin qəbulu istiqamətində bir neçə il idi müxtəlif təkliflər səslənib, layihələr təqdim olunurdu. Bu baxımdan qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılması təqdirəlayiq haldır”.
  Sözügedən müzakirələrdə iştirak etdiyini vurğulayan R.Osmanlı qanun layihəsində müəyyən boşluqlar olduğunu deyib. Ekspert ümid edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun parlamentin plenar iclasında daha təkmil formada müzakirəyə çıxarılacaq: “Komitə sədrinin müavini Əli Məsimli tərəfindən İşçi qrupunun yaradılması təklifi irəli sürüldü. Hesab edirəm ki, belə bir İşçi qrupunun yaradılmasına ehtiyac var.
  Hər kəsin fikrinə hörmətlə yanaşırıq, amma qiymətləndirmə spesifik sahədir və xüsusi yanaşma tələb edir. Ona görə də qanun layihəsindəki bəzi çatışmazlıqların təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürəm.
Bu barədə öz təkliflərimizi də yazılı şəkildə təqdim edəcəyik. Gələcəkdə daha səmərəli fəaliyyətin təşkili və fikir ayrılıqlarının yaranmaması üçün bu tənzimləmələrə ehtiyac var”. R.Osmanlı deyib ki, qanunun tətbiq dairəsində məhdudlaşdırıcı məqamlar var. Onlar aradan qaldırılmalı və tətbiq dairəsi genişləndirilməlidir. Qiymətləndirmənin bütün sahələri əhatə etməsinə diqqət edilməlidir. Bir sıra istiqamətlər qruplaşdırılmalıdır: “Qiymətləndirmə fəaliyyətini kimlərin həyata keçirəcəyi ilə bağlı məsələ də Milli Məclisdə müzakirə edildi. Layihədə qeyd olunub ki, 3 ildən az olmayaraq iş stajı olan və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş ali təhsilli şəxslər qiymətləndirməni icra edə bilər. Hesab edirəm ki, şərtlərə cavab verən istənilən şəxsin qiymətləndirici kimi fəaliyyət göstərməsi məsələsinə də düzəliş edilməlidir. Eləcə də ali təhsil tələbi bu sahədə fəaliyyətdə olan şəxslərin işini dayandıra bilər. Bilirsiniz ki, bu sahə Azərbaycanda 90-ci illərin sonlarında formalaşıb. Elə qiymətləndiricilərimiz var ki, uzun illərdir bu sahədə işləyir və əlində bir neçə beynəlxalq sertifikat var, lakin ali yox, orta-ixtisas təhsillidir. Hansı ki, hörmətli millət vəkillərimiz zaman- zaman orta-ixtisas, peşə təhsilinin stimullaşdırılması istiqamətində ölkədə atılan addımlardan, təhsil sahəsində aparılan istiqamətlərdən danışdılar. Qanun layihəsinin bu maddəsi isə qeyd olunan məsələləri arxa plana keçirir. Hər halda qeyd olunan çatışmazlıqlarla bağlı təkliflərimizi yazılı formada təqdim edəcəyik. Hansı hissəsinin qəbul olunub olunmayacağını bilmirəm. Ümumilikdə, prosesi alqışlayıram. Bu sahənin mütləq şəkildə tənzimlənməsinə və təkmilləşdirilməsinə ehtiyac var. İndiki mərhələdə mövcud problemlərdən çox əziyyət çəkirik. Əmlak bazarına xüsusi adamlar buraxılıb, müəyyən layihələrin qiymətləndirilməsində 50 minlik işə 5 min təklif verirlər. Sözügedən qanunun qəbulundan sonra bu kimi problemlərin aradan qalxacağını güman edirəm”.