Yas mədəniyyətsizliyi: Ehtiramlı davranın, cənablar, xanımlar!

Foto çəkmək yarışına giriblər


  Bu gün cəmiyyətimizdə yas mərasimlərini "təmtəraqla", mahiyyətinə uyğun olmayan formada keçirmək dəb halını alıb. Ən qəribəsi də odur ki, bu təmtəraq və hədsiz israf həm ehsan süfrəsində, həm dəfn mərasimində, həm də qəbir daşlarının hazırlanmasında, qəbrin üstünün götürülməsində özünü açıq büruzə verir, necə deyərlər, yas mərasiminin əvvəlindən sonunadək israfın həddi-hüdudu olmur. Lakin yas mərasimləri ilə bağlı narazılıq doğuran tək məsələ israfçılıq deyil.
Son illər qadınların yas mərasimlərinə sanki toya gedirmiş kimi münasibət sərgiləməsi də ictimaiyyətin gözündən yayınmayıb.
  Milli adət-ənənələrimizin öz mahiyyətini itirməsinin səbəbini tariximizin getdikcə unudulması ilə əlaqələndirən ictimaiyyət nümayəndələrinin fikrincə, bəzi insanlar sanki ölü yiyəsinin dərdinə şərik çıxmaq üçün deyil, özlərini göstərmək üçün hüzn mərasimlərinə təşrif buyururlar. Özlərini “göstərməklə”, “zənginliklərini” nümayiş etdirməklə məşğul olurlar. Halbuki ta qədimdən yas mərasimlərinin özünəməxsus geyimi və ovqatı olub. Qadınlar belə yerlərə gedən zaman kosmetikadan və müxtəlif zinət əşyalarından imtina edər, daha çox qara rəngli geyimlərə üstünlük verərdi. İndi isə yas mərasimlərində iştirak edən xanımların dəbdəbəli geyinib gəlmələri bir çox insanlara, özəlliklə mərasim sahibinə çox pis təsir edə bilər. Bu kimi şeylər çoxlarında ikrah hissləri oyadır ki, sanki yasa yox, “toy”a gəliblər.
  Hələ yas mərasimində cənazə ilə, məzar daşı ilə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşım edənlər də bir ayrı müzakirə mövzusudur.
Sosial media hesabında sözügedən mövzuya toxunan jurnalist Ləman Ələşrəfqızı belə deyib:
"Yasa toya gələn kimi bəzənib-düzənib gələnləri heç vaxt anlamadım. Əgər sən güzgü qabağında saatlarını keçirirsənsə, barmaqlarına ən yekə, ən bərqvuran üzüyünü taxırsansa, boynuna 1 metrlik zəncir dolayıb, yanağına-dodağına rəng çəkirsənsə, deməli, öləni düşünmürsən, özünü göstərməyə gəlirsən. Özü də bunu "millət", "Sakarya" deyənlər edəndə, adamın deməyə sözü qalmır. Yəqin ki, "sosyete" görünmək budur.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova da dəfn mərasimi ilə bağlı vəsiyyət edib: “Dəfndən sonra mənim üçün heç bir məclis qurulmasın. Bizdə yas mərasimində sakit oturmaq mədəniyyəti yoxdur təəssüf ki..."
  Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı
Tural İrfan isə “Sherg.az"a açıqlamasında deyib ki, yas məclislərində iştirak edən insanlar mümkün qədər həm mərhuma, həm də yas sahibinə ehtiramlı davranmalıdır:

“Doğrudur, yas zamanı hansısa xüsusi geyim dinimizdə nəzərdə tutulmayıb. Ancaq insanlar özləri başa düşməlidir ki, yas geyimi ilə toy geyimi fərqli olmalıdır. Mümkün qədər abırlı geyinmək lazımdır. Yas məclisi gözəllik müsabiqəsi deyil ki, kosmetikaya bürünüb getsinlər. Yas məclisində kənar söhbətlər etmək, bəzənib getmək, orada fotosessiya açmaq, uyğunsuz davranmaq doğru deyil, günahdır, hörmətsizlikdir. Yas yerlərində belə şeylərin baş verməsində yası idarə edən din xadiminin də günahı var. Hər dəfə yaslarda idarə edən din xadimi irad bildirsə, müəyyən qədər düzəliş ola bilər. Heç cənazə namazı zamanı namaz qılmamaqları bir yana, hündürdən danışırlar, bəzən laqqırtı vuranlar da olur. Bəzən vəzifəli şəxslərdən çəkinən din xadimi də irad bildirə bilmir. Ancaq bu da doğru deyil. Din xadimi elan etməlidir, hamıya xəbərdarlıq etməlidir, dinin, adətin qaydalarını izah etməlidir. Bəs din xadimi nə üçündür? Yas yerində çox adam ancaq yeməyə gəlir. Oturur məclisdə, başlayırlar tamamilə kənar söhbətlər etməyə. Bu, ölüyə hörmətsizlikdir. Yas yerində bilən, bacaran Quran oxumalı, ölü üçün dua etməli və onun yaxşı əməllərindən danışmalıdır. Dəfələrlə görmüşəm oturub maşın alverindən, Antalyada dincəlməkdən danışır bəzi adamlar. Halvanı gözünə təpib sonra da mollaya göz edir ki, bir fatihə ver. Bu olmaz”.
  İlahiyyatçının sözlərinə görə, din xadimi danışarkən, Quran oxuyarkən iştirakçılar susmalı, dinləməlidir. Vəzifəsindən, maddi imkanından asılı olmayaraq. Çünki o məclisin idarəçisi həmin din xadimidir: “Bəzən cəsarətli din xadimləri irad bildirir, insanları başa salır, ancaq hamısı bunu bacarmır. Gərək inananların da özləri başa düşsünlər ki, toya, piknikə yox, yas məclisinə gediblər. Hörmətsizlik edən adam heç getməsə ondan yaxşıdır. Təəssüf ki, bizdə hələ də insanlar öz ölüsünə belə qılınan cənazə namazına qoşulmurlar. Yəni bilmirlər. Halbuki çox asan, adi bir şeydir. Sadəcə, yönü qibləyə ayaq üstə imamın arxasında səssiz durub ona tabe olmaq lazımdır. Və dua edilərkən əlləri qaldırıb amin demək lazımdır. Bizdə hələ də marksist, ateist, kommunizm ənənələrinə sadiq adamlar var. Çox vaxtı məmurlar da əllərini Allaha açmırlar. Sanki özlərinə sığışdırmırlar. İmam dövlət üçün, xalq üçün dua edir, məmur isə əllərini qaldırıb amin belə demir. Hər birimiz rastlaşırıq belə şeylərlə. Heç olmasa, qardaş Türkiyədən örnək götürsünlər. Sovet 30 ildir dağıldı. Daha qayıtmayacaq. Narahat olmasınlar, əllərini Allahın dərgahına açsınlar. Artıq müstəqilik, dinimiz, etiqadımız azaddır. Cənab Prezidentdən nümunə götürsünlər. Məsciddə ailəsi ilə birgə dövlət üçün, xalqımız üçün hər zaman dua edir, əllərini ilahi dərgaha açır. Arzu edirəm ki, məmurlar dövlət başçımızdan dua etmək ənənəsini də öyrənsinlər”.
  T.İrfan onu da qeyd edib ki, yas mərasimində dini ayinlərin icrası zamanı bacaran qoşulmalı, bacarmayan da sakit dayanmalıdır. Maneçilik etmək olmaz. Qadınlar yaxşı olar ki, yas yerlərinə nisbətən qapalı geysinlər. Çünki gödək və açıq-saçıq geyimlər diqqət çəkdiyi üçün məclisin ahəngini pozur və digərləri tərəfindən də irada səbəb olur. Hər halda yas məclisi ilə toyun fərqini anlamaq vacibdir.
  İlahiyyatçı-alim Elşad Miri isə bildirib ki, yas məclisi, qəbir daşı kimi ənənələrin heç birinin islama aidiyyəti yoxdur:

 “İslam ölülərlə deyil, dirilərlə maraqlanır. Dinimizin yeganə mənbəyi olan “Qurani-Kərim” də məhz dirilərə yol göstərmək üçündür. İnsan qazandığı hər şeyə sağlığında nail olur. Yaxşılığı da, pisliyi də, xeyiri də, zərəri də sağlığında etmək lazımdır. İnsan öləndən sonra ona qoyulan başdaşı qızıldan da ola, xatirəsinə abidə də ucaldılsa, rəhmətə gedən şəxsin o dünyasına heç bir faydası olmur”.
  E.Mirinin sözlərinə görə, yasda şəkil çəkdirən insanların bu addımı natamamlıq kompleksinin bir təzahürüdür: “Bəlkə də psixoloqlar başqa cür dəyərləndirir bu yanaşmanı. Lakin mənim şəxsi fikrimcə, normal düşüncə sahibi olan insanlar bu hərəkəti etmir. Məzar daşı, cənazə ilə şəkil çəkdirən və bunu paylaşan insanlar bununla nə demək istəyir, çox maraqlıdır. Qadınların yas mərasiminə bəzənib getməsinə gəldikdə isə ilahiyyatçı deyib ki, bu cür məclislərdə həmişə kütləvilik olur, yəni bir növ yas mərasimləri ictimai yer hesab olunur. Ona görə də insanlar orada iştirak edən digər şəxslərə özlərini daha yaxşı formada təqdim etmək üçün bəzənirlər. Bunda bir qəbahət görmürəm. Daha doğrusu, yas məclisinin dinə bir aidiyyəti olmadığı üçün ora gedən insanların da nə geyinməsi, necə davranması ilə bağlı xüsusi bir qayda yoxdur. Kimisi özünü rahat hiss edəcəyi, kimisi də özünün daha yaxşı görünəcəyi libası seçir”.