Gələcəyin mühəndisləri məşhur alimlə görüşüb - Fotolar

Mexanika və aerokosmik mühəndislik sahəsində dünyada tanınan məşhur alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Azərbaycan Diaspor Komitəsinin dəvətiylə Bakıdadır. Tanınmış alim oktyabrın 2-6-da Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir. 
Uğurlu elmi nailiyyətləri ilə seçilən A.Sofiyev səfər müddətində bir sıra ali məktəblərdə professor, müəllim və tələbə heyəti ilə görüşlər keçirir, konfranslar verir. "Funksional dərəcələndirilmiş kompozitlər: Modelləmə, tətbiqlər və perspektivlər" adlanan növbəti elmi müzakirə bu gün Bakı Mühəndislik Universitetində keçirilib. Görüşü bu ali məktəbin rektoru, professor Yaqub Piriyev açaraq Abdulla Sofiyevin elmi fəaliyyətinin müxtəlif istiqamətləri barədə geniş məlumat verib, alimin son illər əldə etdiyi   nailiyyətlərdən danışıb.
 Y.Piriyev professor A.Sofiyevlə Türkiyədə birgə elmi əməkdaşlığından, dostluq əlaqələrindən söhbət açıb. BMU-nun rektoru qeyd edib ki, rəhbərlik etdiyi ali məktəbdə məşhur alimlərlə görüşlərin keçirilməsi, ustad dərslərin təşkili nəzərdə tutulub. Məşhur alimlərlə müəllim - tələbə heyətinin görüşlərinin müsbət nəticələr doğuracağına əminliyini ifadə edən Y.Piriyev sözü qonağa verib.
A.Sofiyev universitetin alim, tələbə və müəllim heyəti qarşısında 1996-cı ildən Türkiyədən başlayan elmi araşdırmalarından, dünyanın  müxtəlif ölkələrində keçirdiyi elmi konfrans və simpoziumlardan, uğurlarının Azərbaycan alimləri, elm-təhsil müəssisələri ilə birgə paylaşımından bəhs edib. Elmi terminoloji və akademik üsuldan bəzən kənara çıxaraq sadə dillə dünyanın mühəndislik və aerokosmik mühəndislik sahəsində qarşıda duran vəzifələrə və problemlərə toxunub. 
Elmi araşdırmalarını davam etdirdiyini auditoriyaya çatdıran A.Sofiyev Dördüncü Sənaye İstilabının yaratdığı imkanları dəyərləndirib, mühəndislərin, materialşünasların, texniki elmlə məşğul olan alimlərin qarşısında dayanan problemləri sadalayıb. Elmdə uğur qazanmağın yalnız istedadla deyil, əzmlə çalışmaqdan keçdiyini ifadə edib, uğurlu alim obrazının formulunu məruzəsi fonunda təqdim edib.
  
Qeyd edək ki, professor A.Sofiyev (Avey) "Beynəlxalq mexanika" jurnalının redaksiya heyətinin üzvüdür. 13 magistr və 5 elmlər doktoru yetişdirib. 300-dən artıq fundamental elmi məqaləsi mühəndislik, nanomaterial, kompozitlər, tətbiqi riyaziyyat və fizika jurnallarında çap olunub. Məqalələrinin 165-i çox mötəbər beynəlxalq   (SCİ) jurnallarında işıq üzü görüb.
Dünyanın müxtəlif elm mərkəzləri və alimlər A.Sofiyevin elmi tədqiqatlarına 5 mindən çox istinad edib.
Türkiyənin bir çox universitetlərində və Almaniyanın Karleruhe Universitetinin Texniki Mexanika İnstitutunun elmi layihələrdə iştirak edən A.Sofiyev TUBİTAK və NATO dəstəkli layihələrdə uğurla iştirak edib.