“Pazfarm” zəncirinin yaradıcıları Azərbaycanda yeni piramida təşkilini elan ediblər. Yeni platforma “Future Farm” adlanır. “Akram” adlı şəxs Azərbaycan üzrə kuratordur və təsisçilər platformanı xaricdən idarə edir. Hazırda yeni zəncirə 100-dən çox şəxs qoşulub. Qruplara sızmışam, rəylərdə bir neçə görüntü bölüşəcəm. İndidən xəbərdarlıq edirəm, zəncir qırılanda heç kim “nə olacaq pullarımız?” deməsin.
Bu sözləri Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas öz facebook səhivəsində paylaşıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev bildirib ki, Artıq bir çox telegram kanallarında belə tip oyunların təbliğatı aparılır:
“Təsisçilər Azərbaycanda ətrafına topladıqları adamlar vasitəsi ilə bu oyunları yayırlar. Çox təəssüflər ki, onların özləri də bilmədən təsisçilərin oyun alətinə çevrilir. Belə platformalar yaradılan zaman insanları cəlb etmək üçün şirinikləndirici təkliflər olunur və yüksək məbləğdə pul uduşları həyata keçirilir. O şəxslər də öz ətrafındakı, dostlarına,tanışlarına bildirir ki,"belə bir sayt var, pul qazandırır". Linki digər səxslərlə paylaşır. Belə olduğu halda link sahibi əlavə faizlər alır. Guya, yeni qoşulan şəxslərə bonuslar təklif olunur. Beləcə bu zəncir sistemi uzanır. Sonda da zəncir qırıldıqda dəvət edilən şəxslər ortada qalır. Pullar mənimsənilərək təsisçi aradan çıxır. Yəni, bu barədə sosyal medyada günlərlə paylaşımlar olundu, müzakirələr edildi. Ancaq vətəndaşlar bu mövzulara məsuliyyətsiz yanaşır. Milyonlarla insan yenə də bu saxta oyun saytlarının qurbanı olur. Düşünürəm ki, bu prosses davam edəcək. Çünki insanlar bu tip oyunlara əlavə gəlir mənbəyi kimi baxır. Bu maraq deyil, sadəcə olaraq insanlar düşünür ki, 6 manat verdimsə, bunu 60 manat edərək pulu çıxardacam. Çıxartmaq üçün o şəxsdən əlavə 60 manat tələb edirlər. Vətəndaş bir də ayılıb görür ki, bu pullarla 1000-2000 manat ortalıqda dələduzlara pul yedirdib”.