Material bazarında durğunluq: Ev qiymətləri... -AÇIQLAMA

Tikinti materialları bazarında durğunluq var.
 Xəzər TV bildirir ki, satıcılar deyirlər ki, son bir aydır, vəziyyət belədir.
Tikinti materialları bazarındakı sahibkarlar alıcı qıtlığından gileylənirlər. Onlar iddia edirlər ki, ötən illərə nisbətən tikintidə istifadə edilən bir sıra materialların qiyməti də enib. Ancaq yenə də alıcı yoxdur.
Sahibkarlar deyirlər ki, müştərilərin azalması, xüsusilə son bir ayda baş verib. O da bildirilib ki, sementin qiymətində artım var.
Əmlak məsələləri üzrə ekspert Muxtar Ərturanın sözlərinə görə, son bir ayda tikinti bazarında taxta, armatur, sement və astarın qiymətində artım var.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, tikinti materiallarına tələbat ən çox may ayının sonundan başlayaraq avqust ayının sonuna kimi davam edir:

“İsti aylarda fərdi həyət evlərinin tikintisi ilə əlaqədar olaraq tikinti materiallarına və torpaq sahələrinə tələbat artır. Havaların isti keçməsinə görə həyət evi tikdirmək istəyən adamlar seçimi yay aylarına salırlar. Çoxmənzilli binalara nəzər salsaq əvvəlki illərə nisbətən görərik ki, yenitikili binalar daha az tikilir. Ötən illərdə daha çox ərazilərdə tikinti işləri gedirdi. Torpaq sahələrinin azalması və evlərin qiymətinin qalxması tikinti şirkətlərindəki marağı azaldır. Tələbat artdıqca isə qiymətlərdə də artımlar müşahidə edilir. Azad olunmuş ərazilərimizdə artıq kütləvi sürətdə tikinti işləri gedir. Böyük rayonlar, şəhərlər və kəndlər tikilib. Əvvəlki illərə nisbətən tikinti materiallarına tələbat daha çoxdur. Hazırda tikinti materiallarının böyük hissəsi ölkəmizdə istehsal edilir. Bakı, Abşeron və ölkənin digər böyük şəhərlərində tikinti sahəsi azaldığına görə tələbat olmur və qiymət enmələri müşahidə olunur.”