Yeni layihə tıxac problemini həll edəcək? -AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir.
AYNA-dan "APA-Economics"ə verilən məlumata görə, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən ikincisinin icrasına başlanılıb.
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir.
Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata keçirilir.
Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları Heydər Əliyev prospektindən istifadə edib, “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edir.
AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi, Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur. Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalacaq.
Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46% artmaqla, hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və karbon emissiyası böyük miqyasda azalacaq.
Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində yaranan sıxlıq halları da azalacaq.
Həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a bildirib ki, tıxacın həll olunmasının yolu, çeşidli ictimai nəqliyyat növlərinin artırılmasından gedir:

“Daha çox sərnişin daşıyan reis növlərinin üstünlüyü təmin edilməlidir. Yəni tramvay, metro, şəhərətrafı elektrik qatarları, dəstəkləyici funksiya olan avtobus və onun üçün ayrılmış zolaq olmalıdır. Həmçinin piyada infrastrukturu qısa məsafədə təxirə salınmadan həll olmalıdır ki, insanlarda çeşidli nəqliyyat vasitələrindən istifadəyə şərait yaransın. Yəni qısa məsafədə insanlar piyada gedə bilsin və yaxud mikromobillik vasitələri olan velosiped, skuter, uzun məsafədə isə çeşidli üstünlüyü təmin olunmuş digər növlərlə getmə imkanı olsun. Buna uyğun olaraq da şəhərin daxilində küçələrin transformasiya olunmasına ehtiyac var. Yəni insanlar piyada hərəkət edirsə, qısa məsafədə onların keçidini təmin edən eyni səviyyəli zebralı 2 zolaqdan artıqdırsa, küçə təhlükəsizlik ardıcıllığı ilə təmin olunan və svetafor ilə nizamlanan keçidlərin təşkilinə ehtiyac var. Bu isə daha çox hərəkət etməyə kömək edəcək. Həmçinin birbaşa səfər təşkilindəki qeyri proporsionallığı aradan qaldıracaq və çeşidlər üzrə bu paylandıqca insanlar daha çox ictimai nəqliyyat ilə səfər edəcək. Baxırıq ki, Avropada bizdən daha çox avtomobil var. Ancaq Avropalılar gün ərzində çox az şəxsi nəqliyyat vasitəsi ilə hərəkət səfəri təşkil edir. Niyə təşkil etmir sualının cavabi isə, onlarda çeşidli, keyfiyyətli, komfortlu ictimai nəqliyyatın olmasıdır. Həmçinin qiymət olaraq da əlçatandır. Avtomobil sürmək və saxlamaq daha baha başa gəlir. Çünki, vergisi yüksək və parking sahələri məhduddur. Ona görə də insanlar ictimai nəqliyyata yönəlir. Bizdə bu məsələlərin tənzimlənməsinə və ciddi investisiyaya ehtiyac var.”