Ekoloq: Təbiətlə oynamaq fəlakətlə nəticələnir

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda, Kür çayı daşıb. Təbii fəlakət bəzi fəsadlar törədib. Torpaq sahələri və kafelər suyun altında qalıb.
Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafaçayın daşması nəticəsində mal bazarı və yaxınlıqdakı obyektlərin, avtomobil təmiri sexləri və bəzi tikililərin ərazisini su basıb. Rayonunun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir.
Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb.

Hazırda təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb. Qazax rayon fövqəladə hallar komissiyasından bildirilib ki, selin qarşısının alınması üçün işlər davam etdirilir.
Təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşir. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Həmçinin ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) İqlim Proqnozlaşdırma Mərkəzinin sinoptikləri 2024-cü ildə baş verəcək güclü qasırğa mövsümü barədə xəbərdarlıq ediblər.
Bu barədə NOAA-nın rəsmi saytında məlumat verilib.
Mütəxəssislərin fikrincə, qasırğa dövrü iyunun 1-dən noyabrın 30-dək davam edəcək. Bu il 17-25 fırtınanın baş verəcəyi ehtimalı var.
Alimlərin sözlərinə görə, tipik qasırğa mövsümündə adətən 14-ə qədər fırtına baş verir ki, bunlardan da üçü xüsusilə güclü olur.

Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, yer səthində hər zaman təbii fəlakətlər olub:

“Təbii fəlakətlər zəlzələlər və vulkanlar sayəsində baş verir.  Bundan başqa atmosferə daxil ola bilən meteorların Yer səthinin müxtəlif yerlərinə düşməsiylə olur.  İldırım vurması nəticəsində meşə yanğınlarını, quraqlıq vaxtlarda başlayan davamlı yağışların yaratdığı sel, su basqınını, ekvatorial qurşaqda daha çox istilərin olmasını da təbii fəlakət hesab etmək olar.  Eyni zamanda bura zəlzələlər nəticəsində yaranan sunamiləri də daxil etmək olar. Bir də insanların, - yəni antropogen təsirlə yaranan fəlakətlərdən danışmaq olar.  Zənnimcə ən təhlükəlisi də budur.  Bura meşələrin qırılması, yaşıllıqların məhvi, mədən sənayesinin inkişafı, dağətəyi ərazilərdə meşələri qıraraq dərə ağızlarında məskunlaşma daxildir.  Məsələn, dərə ağızlarında məskunlaşılır və bir neçə ildən sonra isə yaranan hər hansı bir daşqın fəlakətə səbəb olur. Lakin buna təbii fəlakət yox, təbiətlə oynamanın fəlakətli nəticəsi kimi baxmaq olar.  Dünyanın müxtəlif yerlərində qalxma-enmə səbəbindən və ya sürüşməyə görə ağır fəlakətlərlə rastlaşırıq. Buna bir neçə gün əvvəl 2000 nəfərin sürüşən palçıq altında qalmasını örnək göstərə bilərik.”