Yeraltı dayanacaqlarda təhlükəsizlik necə təmin olunmalıdır? -AÇIQLAMA

İri ticarət mərkəzlərindən birinin yeraltı dayanacağında saatlarla tıxac yaranıb. Dayanacağın çıxışında görülən təmir işləri ilə əlaqədar sürücülər və sərnişinlər avtomobillərdə uzun müddət gözləməli olublar.
Bu məsələ dayanacaqların təhlükəsizlik durumunu gündəmə gətirib. Əgər çıxış fövqəladə hadisəyə görə, bağlansaydı, o zaman bu  arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən tipdə inşa edilən dayanacaqlarda hər bir fövqəladə vəziyyətin yaranma ehtimalı nəzərə alınaraq əlavə çıxışlar da olmalıdır.
Ekspert bildirib ki, bu dünya təcrübəsində də var ki, yeraltı və ya yerüstü dayanacaqlar inşa olunarkən əsas ödənişli giriş çıxışdan əlavə, avtomobillər üçün təhlükəsizlik çıxışı da inşa olunur. Bu çıxış isə belə hallarda nəzarətçi tərəfindən açılaraq avtomobillərin buraxılışı tənzimlənir.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, parkinqlərdəki giriş-çıxış sayı avtomobillərin sayına uyğun tənzimlənir. Bu sayın az olmasına görə ticarət mərkəzlərinin cərimə edilməsi isə FHN-nın səlahiyyətində deyil.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, iri ticarət mərkəzlərinin dayanacaqlarında bəzən təyin olunmuş normadan artıq avtomobilin qəbul edilməsi səbəbindən fövqaladə hallar zamanı insanların təhlükəsiz şəkildə təxliyyə olunması üçün nəzərdə tutulmuş yollarda maneələr yaranır:

“Yanğın, avtomobillərin hərəkətinə maneə törədən ayrı-ayrı yol sahələrinin təmir məqsədilə bağlanması üçün müsəssisə rəhbəri, yaxud obyektin yanğına qarşı cavabdeh şəxsi tərəfindən dərhal yanğın təhlükəsizliyi xidmətinə məlumat verilməlidir. Yolların təmiri prosesi baş verirsə, həmin təmir dövründə müəyyən olunmuş yerlərdə və keçidlərdə ya nişanlar quraşdırılmalıdır, ya da təmir olunan sahələr üzərindən nəqliyyat vasitələrinin keçidi təşkil olunmalıdır. Ticarət mərkəzlərinin nəqliyyat keçidləri və yanğın avtomobillərinin təxliyyə yolları hər zaman maneəsiz olmalıdır. Qeyd olunan yanğın təhlükəsizliyi tələblərinin təşkil olunmasına nəzarət həmin ticarət mərkəzi rəhbərliyinin üzərinə düşür. Ticarət mərkəzlərində yanğın təhlükəsizliyinə cavabdeh şəxslər həmin obyektlərdə yanğın baş verən zaman insanların təhlükəsizliyini təmin edə bilən tədbirlərin vaxtı-vaxtında həyata keçirilməsinə cavabdehlik daşıyırlar.”


Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirib ki, yeraltı dayanacaqlara maşın yoxlanılmadan daxil olur: 

“Yeraltı dayanacaqlara maşın daxil olan zaman onu yoxlamadan keçirmək düzgün deyil. Sadəcə olaraq belə bir qaydanının istənib-istənilmədiyini əməliyyat yolu ilə bilmək olar. Ümumiyyətlə metrolarda çantalar yoxlanılan zaman sıxlıq yaranır. Maşınlarda da yoxlama işləri aparılsa, daha çətin vəziyyət olar. Təhlükə hiss edən zaman qabaqcadan məlumatlar verilir ki, hər hansı bir yerdə yoxlama işləri aparılacaq. Ancaq kütləvi şəkildə hər bir maşının içərisini, çölünü, girişini və çıxışını yoxlamaq böyük bir narazıçılıq yaradaraq, sıxlıq təşkil edəcək. Elə yerlər var ki, orada yalnız əməliyyat məlumatları ilə qabaqcadan tədbirlər görmək lazımdır. Kütləvi mühafizə və yoxlamalar bəzən ciddi narazılıqlar yaradır.”